“Əcəmi Naxçıvani – 900”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) orta əsrlər Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr edilmiş biblioqrafik göstərici nəşr edib.
“Elm” nəşriyyatında çap olunan vəsaitə Möminə xatun türbəsinin bərpası və konservasiyası, görkəmli memarın abidəsinin ucaldılması, yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamları, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı daxil edilib.
Yeni nəşrdə Əcəmi Naxçıvani haqqında Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar, dövri mətbuatda və elmi məcmuələrdə dərc edilmiş məqalələr, dissertasiya və avtoreferatlar, həmçinin elektron resurslar toplanılıb. Bununla yanaşı, görkəmli şəxsiyyətlərin Əcəmi Naxçıvani haqqında söylədikləri fikirlər də nəşrdə öz əksini tapıb.
Kitabda vəsaitin elmi məsləhətçisi, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan memarlıq məktəbinin banisi və universal zəka sahibi” adlı məqaləsi də yer alıb. Yazıda bildirilir ki, Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığında yeni istiqamət formalaşdırmış, dövrün memarlıq üslubuna zəriflik və dinamiklik gətirmiş görkəmli sənətkardır. Onun fəaliyyəti dövlətçilik tariximizdə xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mühüm mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri olmuş Naxçıvan şəhəri ilə bağlıdır.
Nəşrin tərtibçisi kitabxananın əməkdaşı, Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə innovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovadır.
Biblioqrafik göstəricinin elektron versiyası ilə MEK-in rəsmi saytının “Elektron kitabxana” bölməsində tanış olmaq mümkündür.
“Akademik Gövhər Baxşəliyeva”
Mərkəzi Elmi Kitabxana AMEA Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın həyat və fəaliyyətini əhatə edən biblioqrafik göstəricini də bu günlərdə oxucuların istifadəsinə verib. Alimin 70 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən hazırlanıb.
Biblioqrafik nəşrdə klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr, mənbəşünaslıq və şərqşünaslığın digər istiqamətlərinin inkişafında mühüm xidmətləri olan akademik Gövhər Baxşəliyevanın həyatının əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti öz əksini tapıb. Alimin elmi əsərlərinin biblioqrafiyası, kitabları, dövri mətbuatda, seriyalı nəşrlərdə və məcmuələrdə dərc olunmuş məqalələri, konfrans materialları, müsahibə və şərhləri kitabda sistemli şəkildə təqdim olunub.
Görkəmli elm və mədəniyyət xadimlərinin akademik Gövhər Baxşəliyeva haqqında fikirləri də biblioqrafik göstəriciyə daxil edilib.
Kitabda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Elmi fəaliyyətlə ictimai fəaliyyətin vəhdəti” adlı oçerki də yer alıb.
Nəşrin tərtibçisi biblioqrafiya şöbəsinin baş biblioqrafı Təranə Rüstəmova, redaktorları biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva və elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzovadır.
Hər iki nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur.
Biblioqrafik göstərici şərqşünaslıq və ərəb filologiyası sahəsində elmi-tədqiqat aparan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Yeni kitablarla kitabxana saytının “elektron kitablar” bölməsində onlayn tanış olmaq mümkündür.
T.RÜSTƏMLİ