Bakı Dövlət Universitetinin ilk türkoloji məclisə töhfələri

by Samir Asadli

1 əsr əvvəl yaradılmış əsaslar ali məktəbdə daim zənginləşdirilib

1926-cı ilin fevralında Bakıda başlanan böyük elmi hərəkat bu gün də davam edir. Aradan 100 il keçsə də, Birinci Türkoloji Qurultayda  irəli sürülən  ideyalar zamanın sınaqlarından çıxaraq Türk dünyasının elmi inteqrasiyasının əsas istiqamətlərindən birinə çevrilib. Bu ideyaların yaşadıldığı, inkişaf etdirildiyi və gələcəyə daşındığı əsas elm ocaqlarından biri Bakı Dövlət Universiteti olmuşdur.

1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən I Türkoloji Qurultay, bütövlükdə Türk dünyasının intellektual inkişafında yeni mərhələnin başlanğıcı oldu. Cəmi 8 gün davam edən qurultay sonrakı onilliklər ərzində türkoloji elmin inkişaf istiqamətlərini müəyyənləşdirdi, türk xalqları arasında elmi əməkdaşlığın və mənəvi yaxınlaşmanın əsasını formalaşdırdı. Dünyanın müxtəlif ölkələrindən 131 rəsmi nümayəndəni bir araya gətirən  forum türk xalqlarının dili, tarixi, ədəbiyyatı, etnoqrafiyası və mədəniyyəti ilə bağlı ən aktual məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevrildi. Qurultayda latın qrafikalı əlifbaya keçid, ortaq elmi terminologiyanın formalaşdırılması, türkologiyanın inkişaf istiqamətləri və elmi əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edildi.

Qurultay türkologiyanın müstəqil elmi istiqamət kimi inkişafına güclü təkan verdi, digər tərəfdən isə sonrakı dövrdə bir çox iştirakçılarının repressiyalara məruz qalması onun tarixində acı və faciəli səhifələrin yaranmasına səbəb oldu. Məhz buna görə I Türkoloji Qurultay həm böyük elmi yüksəlişin, həm də repressiyaya uğramış zəngin intellektual irsin rəmzi  kimi dəyərləndirilir.

Qurultayda qəbul edilən qərarlar sonrakı onilliklərdə türk xalqlarının elmi və mədəni həyatına mühüm təsir göstərdi. Milli özünüdərk prosesinin güclənməsi, ortaq tarixi və mədəni dəyərlərin dərk olunması, Türk dünyasında birlik ideyasının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Bir əsr əvvəl Bakıda əsası qoyulan Türkoloji Qurultayın ideyaları bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti fonunda yeni məzmun qazanır. Siyasi əməkdaşlıq artıq elm, təhsil, dil və mədəniyyət sahələrində də ortaq inkişaf platformasına çevrilmiş, Türk dünyasının inteqrasiyası strateji prioritet kimi formalaşmışdır. Bu tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin ardıcıl siyasətinin mühüm istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin sərəncamları ilə I Türkoloji Qurultayın 80, 90 və 100 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi bu irsə verilən yüksək dəyərin ifadəsidir. Xüsusilə, “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncam və onun çərçivəsində Bakıda təşkil olunan “Türk dünyası həftəsi” paytaxtımızın bir daha türk xalqlarının elmi və mədəni dialoq mərkəzi olduğunu nümayiş etdirmiş, 1926-cı il qurultayının ideyalarının bu gün də öz aktuallığını qoruduğunu təsdiqləmişdir.

Bir əsrlik zaman məsafəsi göstərir ki, I Türkoloji Qurultay, sadəcə, bir elmi toplantı deyil, Türk dünyasının gələcəyinə hesablanmış strateji düşüncə platforması idi və bu böyük tarixi irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında Bakı Dövlət Universitetinin xüsusi xidmətləri vardır. Azərbaycanın ilk universiteti olan BDU yarandığı ilk illərdən ölkənin elmi fikir mərkəzi kimi fəaliyyət göstərmiş, türkologiya sahəsində formalaşan elmi məktəblərin inkişafına mühüm töhfələr vermişdir.

Təsadüfi deyil ki, I Türkoloji Qurultayın iştirakçıları arasında və sonrakı dövrdə universitetlə sıx bağlı olan çoxsaylı görkəmli alimlər fəaliyyət göstərmişlər. 1924-cü ildə Bakıya dəvət olunan Bəkir Çobanzadə elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar dövrünü Bakı Dövlət Universitetində (o dövrdə Azərbaycan Dövlət Universiteti) keçirmişdir. Şərqşünaslıq fakültəsində professor, kafedra müdiri və dekan kimi çalışaraq universitetin elmi potensialının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Bakı Dövlət Universitetində çalışdığı dövrdə alimin beynəlxalq elmi əlaqələri də genişlənmişdir. Türkiyə, Macarıstan, Almaniya və digər ölkələrin tanınmış şərqşünasları ilə elmi yazışmaları, universitetdə xarici elmi ədəbiyyatın öyrənilməsinə verdiyi önəm və dünya dilçilik məktəblərinin nailiyyətlərini tədris prosesinə gətirməsi Azərbaycan ali təhsilinin beynəlxalq elmi məkana inteqrasiyasına mühüm töhfə vermişdir.

B.Çobanzadə qurultayda həm Azərbaycan nümayəndələri, həm də xarici qonaqlar – Fuad Köprülü, Vasili Bartold, Sergey Oldenburq, eston əsilli alim Artur Rudolfoviç Zifeld-Siemyuagi və digər tanınmış türkoloqlarla fikir mübadiləsi aparmışdır. Onun çıxışları türkoloji tədqiqatların metodik prinsiplərinə dair elmi diskussiyalarda əhəmiyyətli rol oynamış, Azərbaycan dilinin inkişafı və ədəbi irsin qorunması məsələlərinə xüsusi diqqət yetirmişdir.

Bəkir Çobanzadənin Bakı Dövlət Universitetində yaratdığı elmi ənənələr bu gün də öz aktuallığını qoruyur. Universitetdə türkologiya, Azərbaycan dilçiliyi və ümumi dilçilik sahəsində aparılan fundamental təd­qiqatlar, beynəlxalq konfranslar və həyata keçirilən elmi layihələr böyük alimin müəyyən etdiyi elmi istiqamətlərin davamıdır. Onun adı Bakı Dövlət Universitetinin tarixi ilə ayrılmaz şəkildə bağlıdır və milli filoloji fikrin inkişafında qoyduğu zəngin irs Azərbaycan elminin ən qiymətli sərvətlərindən biri hesab olunur.

Hənəfi  Zeynallı 1922-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, ali təhsilini başa vurduqdan sonra Şərq fakültəsinin Azərbaycan türk ədəbiyyatı tarixi kafedrasında çalışmış, daha sonra Azərbaycan Pedaqoji İnstitutuna təyinat almışdır. Qurultayda  türkoloji elmin aktual problemlərinə münasibət bildirən ciddi alim mövqeyi ilə çıxış etmişdir. Onun məruzə və müzakirələrdə səsləndirdiyi fikirlər dövrün elmi-estetik və ideoloji axtarışlarını əks etdirməklə yanaşı, türk xalqlarının gələcək inkişaf istiqamətlərinə dair aydın konsepsiya təqdim edirdi.

Hənəfi Zeynallı Birinci Türkoloji Qurultayı türk xalqlarının elmi, mədəni və mənəvi birliyi yolunda dönüş nöqtəsi kimi dəyərləndirirdi. Çıxışlarında türklərin dil və mədəni inteqrasiyasına çağırış, ortaq elmi platformanın yaradılması ideyası açıq şəkildə hiss olunurdu. Məhz bu baxışlar onu dövrünün qabaqcıl türkoloqları sırasında tanıdır və yalnız Azərbaycan elmi mühitinin deyil, bütövlükdə Türk dünyasının ziyalı simalarından biri kimi səciyyələndirirdi.

I Türkoloji Qurultayın 1926-cı ildə nəşr olunmuş stenoqramında nümayəndələr siyahısında adı olmasa da, Azərbaycan Dövlət Universitetinin əməkdaşı İsmayıl Hikmət Ərtaylanın elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. Qurultayda çıxış edən tatar alimi Əziz  Salihoviç Qubaydullin onun Anadolu türk ədəbiyyatının tarixinə həsr olunmuş tədqiqatını xüsusi vurğulayaraq, bunu Azərbaycan Dövlət Universitetində formalaşan ümumtürk elmi düşüncəsinin parlaq nümunəsi kimi dəyərləndirmişdir.

1923-cü ildə Türkiyə Maarif Nazirliyinin qərarı ilə Bakıya göndərilən İsmayıl Hikmət Ərtaylan qısa müddətdə Azərbaycan Dövlət Universitetinin elmi-pedaqoji həyatında mühüm yer tutmuşdur. O, universitetdə türk ədəbiyyatı tarixini tədris etmiş, 1924-cü ildən ədəbiyyat fakültəsinin dekanı kimi fəaliyyət göstərmiş, 1927-ci ildə isə professor elmi adına layiq görülmüşdür. Onun  sanballı elmi əsərlərindən biri olan “Azərbaycan ədəbiyyatı tarixi” 1928-ci ildə Bakıda iki cilddə nəşr edilmiş və milli ədəbiyyat tarixinin ilk sistemli elmi tədqiqatlarından biri kimi böyük əhəmiyyət qazanmışdır. Əsərin uzun fasilədən sonra professor Mahirə Hüseynovanın ideya müəllifliyi ilə yenidən nəşr olunması isə  Azərbaycan ədəbiyyatşünaslığının yaddaşının bərpası baxımından mühüm hadisə olmuşdur.

Elmi mənbələrdə haqqında zəngin məlumatlar olmasa da, bu az bilgilərdə Rusiya və sovet dilçisi, türkologiya alimi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü kimi və araşdırmalarında “rus sovet alimi”  təqdim olunan Nikolay İvanoviç Aşmarinin də fəaliyyətinin bir hissəsi BDU ilə bağlı olub. Aşmarin dünya miqyasında tanınan, 65 dil bilən görkəmli türkologiya alimlərindən biri olmuşdur. 1923-cü ilin oktyabrında ailəsi ilə birlikdə Bakıya gələn N.İ.Aşmarin həmin vaxt yeni təşkil olunan Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin formalaşdırılması işinə dəvət edilmişdir.

Universitetdə türk dilləri kafedrasının müdiri və professor kimi fəaliyyətə başlayan alim qısa müddətdə fakültənin elmi-pedaqoji potensialının gücləndirilməsinə və türkologiya istiqamətinin inkişafına mühüm töhfələr vermişdir. 1919–1931-ci illərdə professor N.İ.Aşmarin müxtəlif ali məktəblərdə, o cümlədən 1923–1926-cı illərdə Azərbaycan Dövlət Universitetində çalışmış və buradan da qurultay nümayəndəsi olmuşdur.

Tədqiqatçı alim Boran Əziz qeyd edir ki, Bakı Dövlət Universitetində repressiyalara ən çox məruz qalan əməkdaşlar humanitar fakültələrin nümayəndələri olmuşdur. Bu faciəli taleyi yaşayan görkəmli alimlərdən biri də tanınmış tarixçi və türkoloq Əziz (Qaziz) Salihoviç Qubaydullin idi. O, Azərbaycan, tatar, özbək və rus dillərində 150-yə yaxın əsər çap etdirmiş, türk xalqlarının tarixinin öyrənilməsinə mühüm töhfələr vermişdir.  Azərbaycan Dövlət Universitetində Türk xalqları tarixi kafedrasında əvvəlcə dosent əvəzi, daha sonra dosent kimi çalışmış, 1928-ci ildə isə Şərq tarixi kafedrasının professoru və eyni zamanda, Şərq fakültəsinin dekanı vəzifəsinə yüksəlmişdir.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Bakı Dövlət Universitetinin inkişafının ikinci mərhələsi (1930–1941-ci illər)” adlı məqaləsində yazır ki, 1936–1937-ci tədris ilində tarix fakültəsində  fəaliyyət göstərən SSRİ xalqları kafedrasına professor Ə.S.Qubaydullin rəhbərlik etmişdir. Bu fakt da Qubaydullinin həmin dövrdə universitetin elmi həyatında aparıcı simalardan biri olduğunu göstərir.

Cabbar Məmmədzadə yeni əlifba, məktəb islahatları və milli kadr hazırlığı istiqamətindəki fəaliyyəti ilə Türkoloji Qurultay ətrafında formalaşmış elmi-mədəni mühitin fəal nümayəndələrindən biri idi. Pedaqoji fəaliyyətinə 1902-ci ildə Nehrəm kənd məktəbində başlayan C. Məmmədzadə sonralar Qəmərli və İmanşalı məktəblərində çalışmış, 1913-cü ilədək İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili müəllimi olmuşdur. 1920-ci ilin sonunda Bakıya köçərək pedaqoji fəaliyyətini burada davam etdirmiş, Azərbaycan Dövlət Universitetində və Azərbaycan Pedaqoji İnstitutunda dərs demişdir.

Azərbaycan Dövlət Universitetinin ilk tələbələrindən olan Abdulla Tağızadə milli türkologiya məktəbinin formalaşmasında mühüm rol oynamış alimlərdəndir. 1919-cu ildə universitetin tarix fakültəsinə qəbul olunan A.Tağızadə burada qazandığı fundamental hazırlıq sayəsində sonradan Leninqrad Şərq Dilləri İnstitutunda və Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, görkəmli türkoloq A.N.Samoyloviçin elmi məktəbində yetişmişdir. Tələbə olduğu dövrdə, 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda iştirak etməsi onun beynəlxalq türkologiya mühitinə erkən qoşulduğunu göstərir.

1927-ci ildə təhsilini başa vurduqdan sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığının təşəbbüsü ilə Bakıya dəvət olunan Abdulla Tağızadə Azərbaycan Dövlət Universitetində “Qədim türk dilləri” fənnini tədris etməyə başlamış, sonralar isə Pedaqoji İnstitutda Orxon və uyğur yazılı abidələri əsasında qədim türk dilləri, eləcə də türk dillərinin tarixi qrammatikası üzrə mühazirələr oxumuş, eyni zamanda, “Dilçilik elminin inkişaf tarixi” adlı xüsusi kurs yaratmışdır.

Təəssüf ki, onların böyük bir qismi 1930-cu illərin siyasi repressiyalarının qurbanı olmuşdur.  Bununla yanaşı, onların yaratdıqları elmi məktəb və irəli sürdükləri ideyalar yaşayaraq müasir türkoloji tədqiqatların əsas istiqamətlərindən birinə çevrilmişdir.

Azərbaycanın ilk ali təhsil müəssisəsi olan BDU 100 ildən artıq müddətdə yalnız yüksəkixtisaslı kadrlar hazırlayan universitet kimi deyil, həm də milli elmi düşüncənin formalaşdığı əsas mərkəz kimi fəaliyyət göstərmişdir. Universitetin filologiya, tarix, şərqşünaslıq və jurnalistika fakültələrində I Türkoloji Qurultayda irəli sürülən elmi istiqamətlər sistemli şəkildə inkişaf etdirilərək yeni nəslə ötürülmüşdür.

Əslində, I Türkoloji Qurultay ilə Bakı Dövlət Universitetinin taleyi bir-birindən ayrılmazdır. Qurultay Bakını türkoloji elmin paytaxtına çevirmişdisə,  Bakı Dövlət Universiteti həmin statusun qorunub saxlanılmasında aparıcı rol oynamışdır. Universitetdə fəaliyyət göstərən görkəmli alimlərin tədqiqatları, hazırladıqları dərsliklər, monoqrafiyalar və elmi məktəblər türkoloji fikrin inkişafında mühüm mərhələ təşkil etmişdir. Burada yetişən yüzlərlə tədqiqatçı sonradan Azərbaycanın və bütövlükdə Türk dünyasının müxtəlif elm mərkəzlərində fəaliyyət göstərərək həmin ənənəni davam etdirmişdir.

Son illər Bakı Dövlət Universitetində həyata keçirilən layihələr göstərir ki, Qurultayın ideyaları  yalnız tarixi yaddaşın tərkib hissəsi deyil, həm də müasir elmi siyasətin əsas istiqamətlərindən biridir. Prezident ­İlham Əliyevin I Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi haqqında Sərəncamı bu prosesə yeni dinamika gətirdi. Universitet yubiley ilini, sadəcə, təntənəli tədbirlərlə deyil, məzmunlu elmi layihələri ilə təsdiqlədi. İl ərzində beynəlxalq simpoziumlar, elmi konfranslar, dəyirmi masalar, tələbə forumları, kitab təqdimatları və nəşr layihələri həyata keçirildi. Bu tədbirlər Birinci Türkoloji Qurultayın ideyalarının müasir dövrdə yenidən elmi dövriyyəyə daxil edilməsinə xidmət göstərdi.

Xüsusilə Almatıda keçirilən “Birinci Bakı Türkoloji Qurultayının irsi: Türk dünyasının inteqrasiyasında türkologiyanın rolu” mövzusunda beynəlxalq simpozium, Bakıda təşkil olunan “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” beynəlxalq konfransı və bu tədbirlərdə Bakı Dövlət Universiteti alimlərinin fəal iştirakı göstərdi ki, universitet artıq təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının elmi inteqrasiya prosesində mühüm söz sahibidir. Bu toplantılarda müzakirə olunan ortaq əlifba, vahid terminologiya, rəqəmsal humanitar elmlər, süni intellekt texnologiyalarının türkologiyaya tətbiqi və akademik mobillik kimi məsələlər 100 il əvvəl Bakıda başlanmış müzakirələrin yeni tarixi şəraitdə davamıdır.

Yubiley ilində nəşr olunan kitablar  xüsusi diqqətə layiqdir. Akademik Nizami Cəfərovun hazırladığı “Birinci Türkoloji Qurultayın dərsləri”, yenidən işlənərək çap olunan “Birinci Türkoloji Qurultay: Stenoqrafik hesabat (26 fevral – 6 mart 1926-cı il)”, eləcə də Türk Akademiyasının nəşrləri, sadəcə, kitab təqdimatı deyil, qurultayın zəngin irsinin yeni elmi baxışla qiymətləndirilməsinin göstəricisidir. Bu nəşrlər gələcək tədqiqatlar üçün etibarlı mənbə olmaqla yanaşı, gənc nəslin tarixi yaddaşının formalaşmasına da mühüm töhfə verir.

Bu gün Bakı Dövlət Universitetində türkologiya artıq yalnız filologiyanın bir istiqaməti kimi qəbul edilmir. Müasir yanaşmalar türkologiyanı tarix, arxeologiya, antropologiya, etnologiya, mədəniyyətşünaslıq, informasiya texnologiyaları və süni intellektlə inteqrasiya edən multidissiplinar elm sahəsinə çevirir. Bu isə I Türkoloji Qurultayın əsas ideyalarından biri olan elmlərarası əməkdaşlığın yeni mərhələdə həyata keçirilməsi deməkdir.

Diqqətçəkən başqa bir məqam da tələbə və gənc tədqiqatçıların bu prosesə fəal cəlb olunmasıdır. BDU könüllülərinin təşkil etdiyi simulyasiya konfransı, universitetdə keçirilən seminarlar və mühazirələr göstərir ki, qurultayın ideyaları yalnız alimlərin müzakirə mövzusu deyil, həm də yeni nəslin elmi dünyagörüşünün formalaşmasının mühüm tərkib hissəsidir. Bir əsr əvvəl böyük alimlərin başladığı yol bu gün gənc tədqiqatçıların fəaliyyəti ilə davam etdirilir.

Müasir Türk dünyasında inteqrasiya artıq  elmi və intellektual əməkdaşlıq üzərində qurulur. Türk Dövlətləri Təşkilatı, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY kimi qurumların fəaliyyətində universitetlərin rolu getdikcə artır. Bakı Dövlət Universiteti bu prosesdə həm təşkilatçı, həm tərəfdaş, həm də təşəbbüskar kimi çıxış edir. Bu isə universitetin regional elm mərkəzindən qlobal türkoloji platformaya çevrildiyini göstərir.

I Türkoloji Qurultayın iştirakçıları gələcəyin Türk dünyasını elmin gücü ilə birləşdirməyi arzulayırdılar. Onların çoxu bu arzunun həyata keçdiyini görməsə də, bu gün həmin ideyalar yeni tarixi şəraitdə reallığa çevrilməkdədir. Türk dövlətləri arasında genişlənən akademik əməkdaşlıq, ortaq layihələr, vahid elmi məkanın formalaşdırılması, ortaq əlifba və terminologiya istiqamətində aparılan işlər bunu bir daha təsdiq edir.

100 il əvvəl Bakıda qəbul olunan qərarlar bu gün də qüvvədədir. Həmin ideyaların ən güclü dayaqlarından biri isə Bakı Dövlət Universitetidir. Universitet yalnız tarixi irsin qoruyucusu deyil, həm də onu zənginləşdirən, müasir dövrün tələblərinə uyğun inkişaf etdirən və gələcəyə daşıyan  elm ocağıdır. I Türkoloji Qurultayın ikinci yüzilliyinə qədəm qoyduğu bir dövrdə Bakı Dövlət Universitetinin fəaliyyəti göstərir ki, böyük ideyaların ömrü onların müəlliflərinin ömründən qat-qat uzun olur. Elmə, milli yaddaşa və ortaq gələcəyə söykənən bu ideya isə hələ uzun illər Türk dünyasının inkişafına istiqamət verəcək.

Namiq Qədimoğlu,
BDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK