Həqiqətin keşiyində bir ömür – Mirzə Əsgərov

by Samir Asadli

Bəzi insanlar ömürlərinin uzunluğu ilə deyil, cəmiyyətə bəxş etdikləri dəyərlər, həyata keçirdikləri işlər və arxalarında qoyduqları mənəvi irslə yaşayırlar. Onların adı zaman keçdikcə unudulmur, əksinə, gördükləri işlərin miqyası ilə daha da ucalır. Belə şəxsiyyətlərdən biri də cəmi otuz yeddi illik ömrünə peşəkar jurnalistika məktəbi, yüksək vətəndaşlıq mövqeyi və dövlətçilik ənənələrinə sədaqət nümunəsi sığdırmış Mirzə Əsgərov idi.

Mirzə Əsgərov üçün jurnalistika sadəcə peşə deyildi. O, qələmi həqiqətə xidmətin, sözü isə cəmiyyət qarşısında məsuliyyətin ifadəsi hesab edirdi. Xəbər onun üçün təkcə informasiya deyil, vicdan, obyektivlik və dövlət qarşısında mənəvi borc idi. Məhz buna görə də bütün fəaliyyəti boyu dəyişmədiyi bir prinsipə sadiq qaldı – həqiqətin keşiyində dayanmaq.

1956-cı il iyulun 7-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun qədim Aza kəndində dünyaya göz açan Mirzə Əsgərovun xarakteri də məhz bu torpağın ruhunda formalaşdı. Araz sahilində keçən uşaqlıq illəri onda zəhmətkeşlik, dürüstlük, məsuliyyət və vicdan kimi keyfiyyətləri həyat amalına çevirdi. Doğma yurda bağlılıq, milli-mənəvi dəyərlərə sədaqət və insanlara hörmət sonralar həm peşə fəaliyyətində, həm də ictimai mövqeyində onun şəxsiyyətini müəyyən edən əsas cizgilər oldu.

Jurnalistikaya marağı tələbəlik illərində formalaşdı. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil aldığı dövrdə o, yalnız nümunəvi tələbə kimi deyil, publisistik yazıları ilə seçilən gənc qələm sahibi kimi də diqqət çəkirdi. Universitetin çoxtirajlı qəzetində qazandığı ilk təcrübə, “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər mətbuat orqanlarında dərc olunan yazıları gələcək peşə yolunun möhkəm təməlini qoydu.

Hələ tələbə ikən qələmə aldığı məqalələrdə analitik düşüncə, insan taleyinə həssas münasibət və sosial problemlərə obyektiv yanaşma aydın hiss olunurdu. O, jurnalistikanın yalnız hadisələri qeydə alan peşə deyil, cəmiyyətə xidmət missiyası daşıdığını erkən yaşlarından dərk etmişdi.

Mirzə Əsgərov peşəkar inkişafı daim davam edən proses hesab edirdi. Bakı Dövlət Universitetini bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda, Azərbaycan Jurnalistlər Birliyi nəzdində fəaliyyət göstərən Jurnalist Sənətkarlığı İnstitutunda təhsil aldı, daha sonra isə Moskvada Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu uğurla başa vurdu. O yaxşı bilirdi ki, jurnalistin ən böyük üstünlüyü yalnız istedad deyil, daim yenilənən bilik və peşəkarlıqdır.

Müasir jurnalistika təcrübəsini yaxından izləməklə yanaşı, Azərbaycan milli mətbuatının klassik ənənələrinə də sadiq qalırdı. Həsən bəy Zərdabinin formalaşdırdığı maarifçi mətbuat məktəbi onun yaradıcılıq dünyagörüşünün ayrılmaz hissəsinə çevrilmişdi. Obyektivlik, peşə etikası, analitik yanaşma və milli maraqlara sədaqət Mirzə Əsgərovun jurnalist fəaliyyətinin dəyişməz prinsipləri idi.

1983-cü ildə Bakı Dərin Dəniz Özülləri Zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor təyin olunması onun peşəkar fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Gənc yaşına baxmayaraq, qısa müddətdə redaksiyada yaradıcı mühit formalaşdırdı, nəşrin məzmununu zənginləşdirdi və onu müəssisədaxili qəzet çərçivəsindən çıxararaq respublika səviyyəsində maraq doğuran mətbuat orqanlarından birinə çevirdi. Müxtəlif müsabiqələrdə qazanılan uğurlar da onun təşkilatçılıq bacarığının və redaktor peşəkarlığının təbii nəticəsi idi.

1987-ci ildən Mirzə Əsgərov fəaliyyətini Azərbaycan Dövlət Teleqraf Agentliyində – AZƏRTAC-da davam etdirdi. Əvvəl Muğan bölgəsi, daha sonra isə Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbir kimi çalışdığı illər Azərbaycanın tarixinin ən mürəkkəb mərhələsinə təsadüf edirdi. Ermənistanın hərbi təcavüzü genişlənir, ölkədə ictimai-siyasi vəziyyət gərginləşir, Naxçıvan isə ağır blokada şəraitində yaşayırdı.

Belə bir dövrdə jurnalistin üzərinə düşən vəzifə yalnız hadisələri qeydə almaq deyildi. O, həqiqəti qorumaq, cəmiyyəti doğru məlumatlandırmaq və informasiya cəbhəsində dövlətin maraqlarını müdafiə etmək məsuliyyətini daşıyırdı. Mirzə Əsgərov bu məsuliyyəti peşəsinin ayrılmaz hissəsi kimi qəbul etdi.

O, Naxçıvanda baş verən ictimai-siyasi prosesləri, blokadanın yaratdığı ağır sosial-iqtisadi vəziyyəti, insanların iradəsini və mübarizə əzmini operativ şəkildə ölkəyə və beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Hazırladığı materiallarda sensasiya deyil, fakt, emosional şüarlar deyil, həqiqət ön planda idi.

Həmin dövrdə onun fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi dövlətçilik missiyası ilə də sıx bağlı oldu. Muxtar respublikada baş verən hadisələrin obyektiv işıqlandırılması, informasiya blokadasının yarılması və bölgənin səsinin dünyaya çatdırılması onun peşə fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrildi. O yaxşı anlayırdı ki, müstəqilliyini yenicə bərpa etmiş dövlət təkcə sərhədlərini deyil, informasiya məkanını da qorumalıdır.

Məhz bu düşüncə Mirzə Əsgərovun həyatının ən mühüm media layihələrinin əsasını qoydu.

1992-ci il onun fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Azərbaycanın dövlət müstəqilliyi ağır sınaqlarla üz-üzə idi. Ermənistanın təcavüzü davam edir, ölkədə mürəkkəb ictimai-siyasi proseslər yaşanır, Naxçıvan isə uzunmüddətli blokada şəraitində mübarizə aparırdı. Belə bir zamanda informasiya artıq təkcə xəbər deyil, milli təhlükəsizlik məsələsinə çevrilmişdi. Dünyaya çatdırılan hər doğru məlumat Azərbaycanın haqq səsinin müdafiəsinə xidmət edirdi.

Mirzə Əsgərov bunu aydın görürdü. O hesab edirdi ki, müstəqil dövlətin müstəqil informasiya məkanı olmalıdır. Məhz bu baxışın nəticəsi olaraq Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə “Real” İnformasiya Agentliyi və “Naxçıvan” ictimai-siyasi qəzeti təsis edildi.

Bu, sadəcə iki yeni media qurumunun yaradılması deyildi. Əslində, Naxçıvanda müstəqil media düşüncəsinin institusional əsasları qoyulurdu. Sonrakı illərdə Naxçıvan Dövlət Universitetində aparılmış elmi tədqiqatlarda da “Real” İnformasiya Agentliyi və “Naxçıvan” qəzetinin müstəqillik dövrü milli mediasının formalaşmasındakı rolu ayrıca araşdırılmış və elmi baxımdan qiymətləndirilmişdir.

Mirzə Əsgərov üçün qəzet və informasiya agentliyi yalnız redaksiya deyildi. Onlar cəmiyyətlə dövlət arasında etibarlı informasiya körpüsü, milli maraqların müdafiəsi üçün tribunaya çevrilməli idi. Məhz buna görə də “Naxçıvan” qəzetinin həm Naxçıvanda, həm də Bakıda fəaliyyət göstərən redaksiyaları yaradıldı və muxtar respublikanın informasiya həyatı ölkənin ümumi media məkanına daha sıx inteqrasiya olundu.

Qəzetin nəşrinə hazırlıq zamanı Mirzə Əsgərov Ümummilli Lider Heydər Əliyevlə görüşərək onun missiyası və ideya istiqaməti barədə ətraflı məlumat verdi. O bildirdi ki, qəzet yalnız xəbərləri çatdırmayacaq, həm də milli dövlətçilik ideyalarının, obyektiv informasiyanın və xalqın iradəsinin tribunası olacaq.

Bu fikirləri dinlədikdən sonra Ümummilli Lider Heydər Əliyev sonralar qəzetin devizinə çevrilən tarixi ifadəni səsləndirdi:

“Haq Tanrıdan ucadır.”

Bu söz Mirzə Əsgərovun da bütün yaradıcılıq yolunu ifadə edən mənəvi prinsip idi. O, həqiqətin hər cür maraqdan üstün olduğuna inanır və qələmini yalnız bu prinsipə xidmət etdirirdi.

Mirzə Əsgərovun rəhbərliyi ilə “Real” İnformasiya Agentliyi qısa müddətdə Naxçıvanın əsas informasiya mərkəzlərindən birinə çevrildi. Agentliyin yaydığı xəbərlər İran İslam Respublikasının İRNA, Türkiyənin Anadolu Agentliyi və Rusiyanın İTAR-TASS informasiya agentlikləri vasitəsilə beynəlxalq informasiya məkanına çıxış əldə etdi. Sonrakı dövrdə BBC və CNN kimi nüfuzlu media qurumları da bölgə ilə bağlı məlumatların yayılmasında bu mənbələrdən istifadə edirdilər.

Bu əməkdaşlıq Naxçıvanın informasiya blokadasının yarılmasında mühüm rol oynadı. Ermənistanın hərbi təcavüzü, blokadanın ağır nəticələri, bölgədə baş verən ictimai-siyasi proseslər və Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti barədə operativ və etibarlı məlumatlar ilk dəfə sistemli şəkildə beynəlxalq auditoriyaya çatdırıldı.

Mirzə Əsgərov yaxşı bilirdi ki, informasiya boşluğu heç vaxt boş qalmır. Həqiqət danışılmadıqda onun yerini yalan tutur. Buna görə də o, jurnalistikanı milli maraqların müdafiəsinin ən mühüm istiqamətlərindən biri hesab edirdi.

Həmin dövrdə həyata keçirdiyi mühüm layihələrdən biri də “Naxçıvan yaşayır, Naxçıvan döyüşür” jurnalı idi. Bu nəşr blokada şəraitində yaşayan Naxçıvanın mübarizə salnaməsini yaradan qiymətli tarixi mənbəyə çevrildi.

Jurnalın ilk nömrəsi Sədərək–Dilucu körpüsünün istifadəyə verildiyi günlərə təsadüf edirdi. Sonralar xalq arasında “Ümid körpüsü” adlandırılan bu körpü təkcə yeni nəqliyyat xətti deyil, blokada şəraitində yaşayan Naxçıvanın həyata açılan qapısı, Azərbaycan–Türkiyə qardaşlığının rəmzi idi.

Mirzə Əsgərov bu tarixi hadisənin gələcək nəsillər üçün qorunmasının vacibliyini dərindən anlayırdı. Buna görə də jurnalın səhifələrində körpünün açılışı, Naxçıvanın həmin dövrdə yaşadığı mürəkkəb şərait, insanların iradəsi və dövlətçilik əzmi sənədli dəqiqliklə əks olundu.

Əslində, həmin gün Araz çayı üzərində iki körpü salınmışdı. Biri poladdan idi və Naxçıvanı Türkiyə ilə birləşdirirdi. Digəri isə Mirzə Əsgərovun qələmi ilə qurulan görünməz informasiya körpüsü idi. O körpü Naxçıvanın səsini Azərbaycana, Azərbaycandan isə dünyaya çatdırırdı.

Bu gün geriyə baxdıqda aydın görünür ki, “Real” İnformasiya Agentliyi, “Naxçıvan” qəzeti və “Naxçıvan yaşayır, Naxçıvan döyüşür” jurnalı sadəcə media layihələri deyildi. Onlar müstəqillik dövrü Azərbaycan jurnalistikasının, xüsusilə də Naxçıvanda müstəqil informasiya sisteminin formalaşmasının əsas sütunlarından idi.

Lakin Mirzə Əsgərovun fəaliyyəti yalnız jurnalistika ilə məhdudlaşmırdı. O, dövlətçiliyin taleyinin həll olunduğu ən mürəkkəb dövrdə qələmi ilə yanaşı, prinsipial vətəndaş mövqeyi ilə də seçilən ziyalılardan idi.

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə dərin ictimai-siyasi sınaqlarla üz-üzə qalmışdı. Dövlətçiliyin qorunması, siyasi sabitliyin bərpası və milli həmrəyliyin təmin olunması hər bir ziyalının üzərinə böyük məsuliyyət qoyurdu. Mirzə Əsgərov bu məsuliyyətdən kənarda qalmadı. O, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik kursunu ilk dəstəkləyən ziyalılardan biri kimi Azərbaycanın gələcəyini milli birlikdə görürdü.

Mirzə Əsgərov məşhur “91-lər” sırasında yer alaraq Yeni Azərbaycan Partiyasının yaradılması prosesində fəal iştirak etdi. Bu, sadəcə siyasi seçim deyildi. Bu, onun dövlətçiliyə, milli maraqlara və Azərbaycanın gələcəyinə olan inamının ifadəsi idi.

Bu mövqenin ən mühüm sınaqlarından biri Yeni Azərbaycan Partiyasının Ordubad Rayon Təşkilatının yaradılması zamanı yaşandı. Həmin dövrdə Ordubad siyasi baxımdan ən həssas bölgələrdən biri idi. Yeni Azərbaycan Partiyasının hələ müxalifətdə olduğu, hakimiyyətə bağlı qüvvələrin təsir imkanlarının güclü qaldığı bir şəraitdə rayonda ilk təşkilatı yaratmaq böyük cəsarət, qətiyyət və prinsipiallıq tələb edirdi.

Ümummilli Lider Heydər Əliyevin etimadını doğruldan Mirzə Əsgərov bu məsuliyyəti öz üzərinə götürdü. O, təkcə təşkilatlanma prosesinə rəhbərlik etmədi, eyni zamanda dövlətçilik ideyalarının təbliği, insanların bu ideyalar ətrafında birləşdirilməsi və yeni siyasi düşüncənin formalaşdırılması istiqamətində də mühüm xidmətlər göstərdi.

Yeni Azərbaycan Partiyasının Ordubad Rayon Təşkilatının yaradılmasında Mirzə Əsgərovla yanaşı Məmməd Babayev, Hüseyn Babayev, Ələsgər Mehdiyev, İmran Mehdiyev, Vaqif Mirzəyev, Mehrac Əliyev, Ədalət Quliyev, Asəf Səttarov, Miryusif Miratayev və digər ziyalılar da fəal iştirak etdilər. Onların birgə fəaliyyəti bölgədə dövlətçilik ideyalarının möhkəmlənməsinə və yeni siyasi institutun formalaşmasına mühüm töhfə verdi.

Mirzə Əsgərov üçün ictimai fəaliyyət heç vaxt şəxsi maraqların ifadəsi olmayıb. O, jurnalist kimi də, ziyalı kimi də eyni prinsiplərə sadiq qaldı: dövlətə xidmət etmək, cəmiyyətə doğru sözü çatdırmaq və milli maraqları qorumaq.

Elə buna görə də onu tanıyanlar Mirzə Əsgərovu yalnız peşəkar redaktor və jurnalist kimi deyil, yüksək mənəvi keyfiyyətlərə malik insan kimi xatırlayırlar. Sadəliyi, təvazökarlığı, xeyirxahlığı, insanlara səmimi münasibəti və peşə etikasına sonsuz hörməti onun şəxsiyyətinin ayrılmaz cizgiləri idi. Qazandığı nüfuzu heç vaxt şəxsi məqsədlərinə xidmət etdirmədi, onu cəmiyyətə və dövlətçiliyə xidmət üçün mənəvi məsuliyyət hesab etdi.

Həyat yolu qısa olsa da, Mirzə Əsgərov Azərbaycan jurnalistikasında silinməz iz qoydu. O, jurnalistikanı yalnız informasiya yaymaq vasitəsi kimi deyil, milli maraqların müdafiəçisi, cəmiyyətin vicdanı və dövlətçiliyin mühüm dayaqlarından biri kimi qəbul edirdi. Məhz buna görə də onun fəaliyyəti bu gün də peşəkarlıq, prinsipiallıq və vətəndaş məsuliyyəti nümunəsi kimi dəyərləndirilir.

Azərbaycan milli mətbuatının inkişafındakı xidmətləri dövlət və ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. O, “Həsən bəy Zərdabi”, “Qızıl qələm”, “Dan Ulduzu” mükafatlarına, Hacı Zeynalabdin Tağıyev adına “Fəxriyyə” diplomuna layiq görüldü. Eyni zamanda, “Naxçıvan yaşayır, Naxçıvan döyüşür” jurnalının yaradıcılarından və əsas müəlliflərindən biri kimi milli mətbuat tarixində özünəməxsus yer qazandı.

Lakin Mirzə Əsgərovun qazandığı ən böyük mükafat diplomlar və fəxri adlar deyildi. Onun ən böyük mükafatı insanların etimadı idi.

Bu etimadın ən parlaq ifadələrindən biri Ümummilli Lider Heydər Əliyevin Mirzə Əsgərov haqqında söylədiyi fikirlərdir. 1994-cü ildə Fransaya rəsmi səfəri ərəfəsində Azərbaycan Dövlət Televiziyasında jurnalistlərlə görüşü zamanı Ümummilli Lider onun cəsarətini, əqidəsinə sədaqətini və peşəkarlığını yüksək qiymətləndirərək demişdi:

“Bütün jurnalistlərə və qələm sahiblərinə Mirzə Əsgərov kimi cəsarətli, əqidəli, sadiq olmağı tövsiyə edirəm. Belə insanlardan nümunə götürmək lazımdır.”

Bu sözlər Mirzə Əsgərovun şəxsiyyətinə verilmiş ən yüksək mənəvi qiymətlərdən biri idi. Çünki əsl jurnalistin dəyəri yalnız yazdığı məqalələrlə deyil, qazandığı etimad və ömrü boyu sadiq qaldığı prinsiplərlə ölçülür.

Bu gün Mirzə Əsgərovun adı ehtiramla anılırsa, bunun səbəbi təkcə yaratdığı media qurumları, redaktə etdiyi qəzetlər və müəllifi olduğu yazılar deyil. Bu ehtiramın əsasında onun şəxsiyyəti, vicdanı, əqidəsi və dövlətçilik qarşısında daşıdığı məsuliyyət dayanır.

Mirzə Əsgərov cəmi otuz yeddi il yaşadı. Ancaq ömrün böyüklüyü illərlə deyil, Vətənə və xalqa xidmətlə ölçülür. O, jurnalist peşəsini sadəcə icra etmədi, ona mənəvi məna qazandırdı. Həqiqəti peşəsinin deyil, həyatının əsas prinsipinə çevirdi və son nəfəsinə qədər bu prinsipə sadiq qaldı.

Bu gün onun irsi Azərbaycan jurnalistikasının inkişaf tarixinin ayrılmaz hissəsi kimi yaşayır. “Real” İnformasiya Agentliyi, “Naxçıvan” qəzeti, “Naxçıvan yaşayır, Naxçıvan döyüşür” jurnalı, milli informasiya siyasətinin formalaşmasına verdiyi töhfələr və dövlətçilik naminə göstərdiyi xidmətlər Mirzə Əsgərovun adını müstəqillik dövrü Azərbaycan mediasının görkəmli simaları sırasında əbədiləşdirib.

Həqiqətin keşiyində dayanmaq Mirzə Əsgərov üçün sadəcə peşə seçimi deyildi – bu, onun həyat amalı idi. Elə buna görə də ömrü başa çatsa da, xidmət etdiyi həqiqət yaşayır. Mirzə Əsgərovun adı isə Azərbaycan milli mətbuatının və dövlətçilik tariximizin şərəfli səhifələrində bundan sonra da ehtiramla xatırlanacaq.

 

Rəşad Məcid,

Azərbaycan Mətbuat Şurasının sədri

Yəhya Babanlı,

“Tusi” Xeyriyyə Cəmiyyəti İdarə Heyətinin sədri

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK