Koroğlu Rəhimov – 70
…Odlar Yurdu Universitetinin qarşısındayıq. Dərsə gələn tələbələr sualımıza cavab olaraq durduğumuz küçənin Koroğlu Rəhimovun adını daşıdığını bildirir, yalnız bir neçəsi onun Azərbaycanın Milli Qəhrəmanı olduğunu əlavə edir. Yaxınlıqdakı ABU Arenanın yanında sorğuladığımız respondentlərinsə heç biri suala tam cavab verə bilmir.
Bu gün 70 illik yubileyi qeyd edilən Koroğlu Rəhimovdan söhbət açmağımızın bir məqsədi də onu daha yaxşı tanıtmaqdır. Çünki şərəf tariximizi yazan qəhrəmanlarımız haqqında hər birimiz məlumatlı olmalı və adları ilə fəxr etməliyik. Leytenant rütbəli motoatıcı bölük komandiri, 38 yaşlı Koroğlu Rəhimov Birinci Qarabağ müharibəsində şəhadətə ucalaraq daşıdığı adı həyatı bahasına doğruldub. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Xalq qəhrəmanı Koroğlunun haqqında məşhur dastan və film var. Müasirimiz olan qəhrəman Koroğludan da film çəkilib, kitablar yazılıb. “Hoydu, dəlilərim, hoydu, Yeriyin meydan üstünə” deyə hayqıraraq Aslan paşanın dəstəsini qılıncdan keçirmiş qoç Koroğlu da, Ağdərə uğrunda döyüşlərdə erməni faşistlərinə qan uddurmuş qorxmaz Koroğlu da Azərbaycan adlı ananın halal südünü əmmiş igid övladlarıdır.
Oğuzda doğulan Koroğlunun 8 yaşı olanda atası İsmayıl kişi ailəsini də götürüb, dədə-baba yurdu Zəngəzura köçüb. Qəhrəmanımız orta məktəbi orada oxuyub, sonra ali təhsil almaq üçün Bakıya gəlib. O vaxtkı Neft və Kimya İnstitutunun (indiki Dövlət Neft və Sənaye Universiteti) avtomexanika fakültəsini bitirib.
Ötən əsrin 80-ci illərinin sonlarında soydaşlarımız Qərbi Azərbaycandan deportasiya edilirlər, daha sonra Qarabağda erməni separatizmi baş qaldırır. Bütün bunlar hər bir vətənpərvər gənc kimi, Koroğluya da təsir edir. Xocalı qətliamı baş verəndən sonra isə Bakı Məişət Kondisionerləri zavodunda çalışan Koroğlu daha dözə bilmir və ordu sıralarına yazılmaq istəyir. Atası “Get, adaşın kimi ad çıxar!”– deyə ona xeyir-dua verir.
Leytenant Koroğlu Rəhimov müharibədə heç 3 ay da iştirak etməyib: aprelin 30-da komandir təyin olunub, iyulun 3-də isə son döyüşünə atılıb. Amma az müddətdə elə hünərlər göstərib ki, Ulu öndər 1994-cü ildə ona qəhrəman adı verilməsi barədə fərman imzalayıb.
…İyun ayının 13-də Goranboyun Buzlaq, Çartaz, Erkəç kəndlərinin azad edilməsində onun bölüyü xüsusilə fərqləndi. Onlar 15 erməni yaraqlısını öldürərək, xeyli silah-sursat ələ keçirdilər. Koroğlu buradakı döyüşdə 4 düşməni şəxsən özü məhv etdi. Sonrakı 2 gündə isə cəsur döyüşçülər Mənəşli və Başkəndi erməni yaraqlılarından təmizlədilər. Bu əməliyyatlarda Koroğlunun “dəliləri” qəsbkarlarının daha çox canlı qüvvəsini cəhənnəmə vasil etdilər, daha çox hərbi qənimət götürdülər.
Madagiz kəndi istiqamətində döyüşlər ara vermirdi. Leytenant Rəhimov fürsət tapdıqca rabitə qovşağına yaxınlaşırdı ki, təcili bir əmr olsa, tez xəbər tutsun. Belə bir məqamda tabor komandiri Yaşar Qarayevin bir neçə əsgərlə düşmən mühasirəsində qaldığı barədə məlumat gəldi. Koroğlu cəld öz bölüyü ilə döyüşçü dostlarının dadına çatdı. Əməliyyat uğurla nəticələndi və Madagiz 2-ci dəfə işğaldan azad edildi. Zəfər yürüşünü davam etdirən cəngavərlər ardınca mərə kafirləri Gülüstan kəndindən qovub çıxartdılar. Həmin qanlı döyüşlərin birində Koroğlu Rəhimov canını Vətənə qurban verdi.
Müharibədən neçə il sonra Yaşar Qarayev tələbələr qarşısında çıxışı zamanı bu barədə ətraflı danışıb və dostunun cəsurluğunu, döyüşlərdə daim öndə getdiyini, onun ölüm xəbərindən bərk sarsıldığını dilə gətirib.
Qəhrəmanın döyüş şücaətləri barədə Abdulla Qurbaninin “Koroğlunun Ağdərə səfəri”, Əli Qurban Dastançının “Koroğlular uzaqdan gələn yolda”, Qədir Aslanın “XX əsrin Koroğlusu”, Oqtay Əliyevin “Əbədiyyətə qovuşan Koroğlu” və Sabir Arazlının “Koroğlu” kitablarında ətraflı yazılıb. Ümumtəhsil məktəblərinin 2-ci sinifləri üçün “Oxu” dərsliyində də ondan bəhs edən yazı və şair Oqtay Rzanın “İki Koroğlu” şeri verilib. Bütün bunları oxuyan yeniyetmə və gənclərin vətənpərvərlik hissi daha da coşub-daşır.
Bakıda və Oğuzda Koroğlu Rəhimovun adına küçə var. Paytaxtın Nərimanov rayonunda büstü qoyulub. Oğuzun Xaçmaz kəndində körpələr evi onun adını daşıyır. Nəvələrindən birinə isə Koroğlu adı qoyulub. Bu yerdə “Millətin ikinci Koroğlusu var” – deyən Oqtay Rzanın misraları yada düşür:
Güclüdür zamanın verdiyi fərman,
Köçüb ürəklərə Milli Qəhrəman.
İsmayıl kişinin cəsur övladı –
Meydandır, küçədir ömrünün ardı…
Artıq Qarabağ da, Şərqi Zəngəzur da düşməndən birdəfəlik təmizlənib. Elə bu ayın ortalarında möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda və Koroğlu Rəhimovun şəhid düşdüyü Ağdərədə üçrəngli Azərbaycan bayrağını ucaldaraq şəhidlərimizin ruhlarını şad edib.
Koroğlu kimi qəhrəmanları olan Vətən basılmaz.
Ə.NƏCƏFXANLI