SÖZ sərrafı…

by Samir Asadli
  1. Pünhan İsmayıllı- 60

Deyir ki:- “Yaxşı natiq beş dəqiqədən artıq danışmamalıdır. Demək istədiklərini uzun-uzadı yox, yığcam, məzmunlu şəkildə ifadə etməyi bacarmalıdır. O ki qaldı toya, mən özüm toyun açılışında dəqiqə yarımdan çox danışmıram. Elə vaxtlar olur ki, cəmi 30 saniyə danışıram. Çünki çox danışanda camaat yorulub qulaq asmır. Sağlıqlar arası isə cəmi bir dəqiqə kifayyət edir. Əvvəllər toy qırx gün olurdu, vaxt geniş idi. Qısaldı, azaldı, gəldi oldu cəmi dörd saat. İndi tamada məclisin rejissorluğunu elə etməlidir ki, həm toy yiyəsi razı qalsın, həm qonaqlar bezməsinlər, həm də məclis maraqlı keçsin…”

Həftənin dördüncü- cümə axşamı günündə dünyaya gəlib. Həmin gün doğulanlar adətən cəmiyyətdə seçilən, nüfuzlu, hörmət qazanan, güclü intuisiyaya malik şəxsiyyətlər kimi xarakterizə olunurlar. Onlar inadcıl, məqsədyönlü adamlar olsalar da, münaqişələrdən qaçmağa çalışırlar. Cümə axşamının insanlarında güclü intuisiya və görücülük qabbiliyyəti də olur. Bu qabiliyyət onları hərdən qorxudur. Lakin qorxmağına dəyməz, bu onlara İlahidən verilən, fitrətdən gələn bir ərmağandır…

Bəli, bu dəfə sizə el şənliklərinin mahir aparıcısı, məşhur bədii qiraətçi, ölkədə Pünhan İsmayıllı kimi tanınan İsayev Pünhan Baba oğlundan söhbət açmaq istəyirəm. Axı aprelin 14-ü onun 60 yaşı tamam olur, yubileyidir. Amma gəlin əvvəlcə onun həyat yoluna işıq tutaq. O, 14 aprel 1966-cı ildə İsmayıllı rayonunun Qalınçaq kəndində dünyaya gəlib. 1990-cı ildən Azərbaycan Respublikası Dövlət neft Şirkətinin mədəniyyət evində aparıcı vəzifəsində çalışır. Azərbaycanda və xaricdə mədəni-kütləvi tədbirlərin mahir aparıcısıdır. Məmməd Araz, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Zəlimxan Yaqub, Ramiz Rövşən, Baba Vəziroğlu və başqa şairlərin, eyni zamanda aşıq poeziyasının danışan dili kimi tanınır. Azərbaycan aşıq və şairlərinin poeziya incilərindən ibarət 36 musiqi albomunun və milli adət-ənənələrdən bəhs edən 400 səhifəlik ensiklopediya kitabının müəllififdir. Müxtəlif vaxtlarda “Qızıl Buta”, “Qızıl mikrofon”, “Uğur zirvəsi”, “Persona”, “İlin ən populyar söz xiridarı” mükafatlarına layiq görülüb. 2021-ci ildə isə “Tərəqqi” medlı ilə təltif olunub…

“Azərbaycan” qəzetində məsul katibin müavini vəzifəsində çalışan jurnalist, şair, publisist Daşdəmir Əjdəroğlu onu belə xarakterizə edir: “O, Azərbaycan ədəbi və mədəni mühitində özünəməxsus dəsti-xətti ilə seçilən sənət adamıdır. Zəngin nitq mədəniyyəti, poetik duyumu və səhnə ustalığı ilə geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edə bilib. Pünhan İsmayıllı xeyli vaxtdır ki, xalqın ədəbi-mədəni yaddaşını sədaqətlə yaşadır, milli poeziyanı və klassik irsi yeni nəslə həvəslə çatdırır və sevdirir, sözün sehri ilə insan qəlbini fəth edir. Kənardan diqqət kəsilən kəs deyə bilər ki- nə olsun, şairlərin yazdıqlarını səsləndirir də. Amma belə deyil. O, təkcə səsləndirmir, eyni zamanda şeiri ruhən yaşayır, yaşadır, onu hiss etdirir və sevdirir. Mükəmməl bədii qiraət ustası kimi səhnədə, iştirak etdiyi məclisdə səsləndirdiyi hər bir bənd, hər bir misra ilə dinləyicinin qəlbini ovsunlayır…”

…Müstəqil qərar verməyi xoşlayır. Onu fikrindən döndərmək, cilovlamaq çox çətindir. Təzyiqə və şiddətə nifrəti var. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni edir. Başqalarının həyatına qarışmaqdan xoşu gəlmir. Emosional tərəfi güclü olsa da, öz üzərində nəzarəti heç vaxt itirmir. Təvazökar, çalışqan və ədalətlidir. Qaydalar qoymağı xoşlasa da, amma özü bu qaydalara əməl etməyi sevmir. Onda rəqabət ruhu çox inkişaf edib, həmkarları ilə yarışmağı, birinci olmağı xoşlayır. Yalanı sevmir, necə deyərlər, haqqın tərəfdarıdır…

“Mən əvvəlcədən toy sahibi ilə danışıb qonorarımı alıram. Toyun gedişatında kimsə məni, 5-10 manat pul vermək üçün, çağıranda heç vaxt yaxınlaşmıram. Ümumiyyətlə, bu məqsədlə masalara getməyi özümə sığışdırmıram. Toylara aparıcı kimi çox dəvət olunuram. Elə toylarım var ki, yarım saatlıq olur. Məsələn, Elnarə Abdullayeva, Cabir Abdullayev, Könül Xasıyeva ilə toylara gedəndə, tarın müşayiətiylə şeirlər, qəzəllər söyləyirəm. Bəzən də məni toyun açılışına bir saatlıq dəvət edirlər. Bəylə gəlin maşından düşən ərəfədə şeirlə onları “bəzəyirəm”, vəsf edirəm. Onlar zala daxil olanda alqışlar qopur, şərbət stolu qurulur və toyun açılışını edirəm, valideynlər xeyir-dua verəndən sonra isə çıxıb gedirəm…”- söyləyir.

Söhbətimi “Ədalət və həqiqət” qəzetinin, eləcə də “Turaz.tv” saytının təsisçisi və baş redaktoru Cəmil Zəbhullaoğlunun sözləri ilə bitirmək istəyirəm: “Bədii qiraət ustası, televiziyamızın, eləcə də el məclislərimizin yaraşığı Pünhan İsmayıllı Allah verən ömrü şərəflə yaşayıb. Şərəfi qoruya-qoruya yaşamaq, şərəflə yaşamaq hər adama qismət olmur. Pünhan müəllim xalqını sevib, mədəniyyətini sevib və dövlətini sevib. Vurğunu olduğu müqəddəs vətəninin pərvanəsinə çevrilib. Ünvanına nə qədər gözəl sözlər söyləsək də, onun aydan arı, sudan duru, torpağın təkindən büllur bulaq kimi qaynayan yaradıcılığı və sənəti deyilən sözlərdən yüksəkdə duracaq. Bax, budur Pünhan İsmayıllı möcüzəsi!..”

…Deyilənlərə görə, bir padişah səhər yuxudan oyanan kimi göstəriş verir ki, məmləkətin ən savadlı münəccimlərini qəbuluna çağırsınlar. Çox keçmir ki, iki yaşlı münəccim padişahın hüzurunda olur. Və padişah dillənir: “Bu gecə yuxuda gördüm ki, dişlərimin hamısı tökülüb. Bunu nəyə işarə olduğunu yozun!” Bir neçə dəqiqədən sonra münəccimlərdən biri irəli keçib ehtiramla söyləyir: “Qibleyi aləm, bu o deməkdir ki, bütün qohum-əqrabanız öləcək və siz sağ qalacaqsınız.” Bunu eşidən padişah əsəbləşib göstəriş verir ki, həmin münəccimə səksən şallaq vurulsun. Bu vaxt ikinci münəccim qabağa çıxıb, dillənir: “Qibleyi aləm, həmkarım sizə demək istəyirdi ki, siz bütün qohumlarınızdan çox yaşayacaqsınız.” Padişahın gözləri gülür və üzünü vəzirinə tutub, göstəriş verir ki: “Buna isə yüz dirhəm qızıl verin!” Vəzir padişaha yaxınlaşıb söruşur: “Padişah sağ olsun, bu münəccimlərin hər ikisi də eyni həqiqəti söylədilər. Niyə birinə cəza, birinə isə mükafat verirsiniz?” Padişah cavabında nə desə yaxşıdır: “Bəli, onların hər ikisi eyni həqiqəti söylədilər. Biri fikirlərini çox kobud, digəri isə çox yumşaq şəkildə ifadə etdi. Gərək həqiqəti də yumşaq deməyi bacarasan…”

…Bəli, aprelin 14-ü 60 yaşını qeyd edəcək bədii qiraət ustası, toy məclislərinin mahir aparıcısı Pünhan İsmayıllı hər bir sözün yerini dəqiq bilən insanlardandır. Onu yubileyi münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram!..

Hörmətlə, Elman Eldaroğlu

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK