Payızın əvvəli yay, ortası yaz, axırı qışdır

by Samir Asadli

Neçə gündür “hücrə”mdən çıxmıram, heç nə yazmıram, heç nə oxumuram, dosttanışla telefon əlaqəsi də saxlamıram. Çünki ürəyim belə istəyir…

Ötən yay bir qədər ağır keçdi. Doğrudur, keçən ilin yayına baxanda qaynarlığı az idi. Amma hərdəmxəyal adamlar kimi qəribəlikləri çox oldu. ersiz gurultusu, zırıltısı darıxdırdı adamları. Dönədönə qəfil leysan və dolu yağması kasıb-kusuba çox zərər vurdu. Zəmiləri yatırdı, bağı-bostanı yarıcan elədi. Təbii fəlakət bir yana, gör neçə dəyərli insanımızı itirdik. Məkanları cənnət olsun.

Ayrılığın üzü dönsün, ayrılıq sözünü eşidəndə ürəyim köz-köz olur. İlahi, nə qədər ayrılıqlar yaşadıq! Dərdimiz, sevincimiz, qayğılarımız bir olan, üç-beş gün görməyəndə sarıldığımiz neçə əzizimizi əbədi ünvana yola saldıq…

Bir neçə gün əvvəl gözəl yazar və tərcüməçi Kamran Nəzirli fb səfifəsində bir az təəssüf və ağrı hissi ilə, yarpaqlar sürətlə tökülür, özü də necə yarpaqlar yazmışdı. Mən də yazdım ki, qardaş, tökülən təkcə yarpaqlar deyil, sıralarımızdı, ömrümüzün illəridi… azda o budaqlarda yeni yarpaqlar açılacaq, köçəri quşlar qayıdacaq, saralmış otlar yenidən göyərəcək, ötən illərimiz, gedənlərimiz isə heç vaxt dönməyəcəklər…

Bəli, onlar əbədi olaraq getdilər, həyatda izləri, ürəklərdə xatirələri qaldı… Dədəmiz Qorqud demişkən, torpaq aldı, yer gizlədi. Bir vaxtlar məkanı cənnətlik Musa aqubun bu dünya ayrılıqdı, ayrılıq başdan-başa misrasını oxuyanda inanmamışdım. Çünki yaşımın və başımın elə çağı idi ki, bilməz idim ayrılıq var, ölüm var… .

Amma zaman bütün yaraları sağaldır, bircə ürəkdə göynərtisi qalır. Adama elə gəlir ki, gözəl, dəyərli insanlar, əzizlər köçüb getdikcə, dünyanın dadı-tamı azalır. Nə edirsən et, o boşluğu doldura bilmirsən, sənin üçün həyatın gözəl çağları, şirin axarı bir də qayıtmır.

Günün çoxunu balaca yemək masamın qarşısında oturub, saatlarla pəncərədən yayın yandırıb-yaxdığı boz dünyaya baxır, arabir küləyin qovub gətirdiyi yağışın səsinə qulaq asıram. Onu da deyim ki, üç ildir, son baharı, ömrün payızında doğma elimdə-obamda yaşayıram. O yerlərdə ki, bir vaxtlar uşaqlığımı bu yerlərdə qoyub, məni özünə çəkən arı pətəyinə bənzər şəhərə üz tutmuşdum. Neçə payızı şəhərdə yola salsam da, yuxularımda uşaq və yeniyetmə çağlarımda gəzməyə çıxdığım Küdrü düzü, göbələk, boyana, yemlik, yağlı tərə yığdığım, cülgələrində (gölməçələrində) uzanıb sərin su içdiyim yerləri heç unuda bilmədim. O yerlər uzun payız-qış gecələrində yuxularıma girdi və məni öz qoynuna səslədi. Sən demə, bu görüş illərin yorğunluğunu, ağrı-acılarını yaşayandan, əli ətəyindən uzun geri dönəndən sonra qismətmiş…

Adam qaynar günlərdən sonra düşən yağışın nəfəsini canında hiss edir, bir az üşüyür, bir az da üşənir… Mən ömrümün itib-batan ən gözəl illərini şəhərdə qoyub gəlmişəm. O illərdə biz bəzən fəsillərin necə dəyişdiyinin fərqinə varmazdıq, ömrümüz iş-ailə qayğıları içində əriyib gedərdi. Baharı daha çox günlər uzananda, günəş erkən gülümsəyəndə, otlar göyərəndə, çiçəklər ətir saçanda, quşlar yuvasına qayıdanda və gələcəklə bağlı arzularımız aşıb-daşanda, payızı isə qəfil düşən leysan şəhərin küçələrini yuyanda, Bakının solaxay küləyi bizi üşüdəndə, küçələrdə, parklarda sarı-qızılı yarpaqları ora-bura qovanda hiss edərdik…

Bir də onda gördük ki, ömür limitimiz qısalıb, payız kəsib qapını… Nə biləydik, dünya belə vəfasız, ömür belə qısaymış.

İlk payız yağışından sonra Günəş gülümsəyəndə kürəyimiz isinir, kölgədə isə pencəyimizin düymələrini bağlayırıq. İçimizdəki yaşantılar da daha isitmir bizi. Demək, daha bir ilin payızı ömrümüzə qovuşur. Allah son mənzilini cənnətməkan eləsin, İlyas Tapdıq bu fikri gor necə gözəl ifadə eləyib:

Yaz sovuşdu, yaydan xəbər tutmadım.

Bir də gördüm payız kəsib qapımı…

Həyətdəki neçə illik məcnun söyüdlərin yarpaqları son günlər bir qədər sarışınlaşıb.

Yaşı, bəlkə də, 50-dən az olmayan qoşa söyüdlərdən biri artıq ömrünü başa vurub. Ancaq quru gövdəsi, budaqları dimdik dayanıb. Arabir güclü külək əsəndə o ağacın budaqlarında cubuqları qoparıb torpağa atır. O ağaca baxanda üşüyürəm, yazığım gəlir.

Bir vaxtlar qoşa söyüdlərin budaqları biri-birinə qovuşmuş sevdalıların qolları kimi idi. O budaqlar yayın istisində yem dalınca uçan quşlar üçün dincəliş yerləri idi. O ağacın kölgəsi bizim üçün ən gözəl istirahət mərkəzi sayılırdı – danışırdıq, gülürdük, oyun oynayırdıq, çay içirdik, kitab oxuyurduq. Köçəri quşlar hər bahar qayıdanda onun görüşünə gəlir, yeni şərqilərini oxuyurdular… Təəssüf ki, gələn ilin yazında o ağacın gövdəsi də olmayacaq. O qurumuş söyüd ağacının yerində yeni fidan basdırılacaq…

Nar və heyva ağacları qollarını torpağa dayaq verərək ilk payız leysanında yuyunub, gözəlləşib. İlk qırov düşənədək o heyvalar ağaclarda sarala-sarala, sulana-sulana qalacaq. Narlar bağrı qanla dolanadək şirə toplayacaq…Quşlar isə yuyunduqdan sonra özlərini daldaya verib, sanki ilk köç nəğməsini bəstələyirlər…

Dünyanı həzinlik, intizar havası bürüyüb…

Payız ilin bərəkət, bolluq çağıdı.

Payız həsrətlilərin qovuşduğu, toylar fəslidi.

Payız köç fəsli, qışa hazırlıq dövrüdü.

Payız ötən günlərin xatirə yumağına çevrildiyi zamandır.

Payız digər üç fəslin mozaikasıdır…

Payız şairlərin ilhama sarıldığı həftələrdir.

Payızın gəlişi ilə bağlı son həftədə şair dostlarımdan Tofiq Nurəlinin, Aida Adıgözəlin, Adil Şirinin, Ələsgər Əlioğlunun gözəl şeirlərini oxumuşam və o şeirlər içimdə təzadlı payız ovqatı yaradıb.

Həkim-şair Tofiq Nurəli payız yaşantılarını necə şeirə gözəl çevirib:

Ömür ötdü payızların içində,

Payız imiş yaz bildiyim bu yazı…

Mən bilirəm soyuqlara az qalıb

Gedim yığım budaqlardan payızı.

Mənə elə gəlir ki, bu ilin payızı ömrümün ən uzun fəsli olacaq… Görən bu payızın ilk “sürpriz”i mənə nə olacaq və neçə payızı bu pəncərə önündə yola salacağam?

Xudaya, bu payızda bizlərə ayrılıq, nisgil, sızıltı yox, xoş xatirələrə çevriləcək gözəl günlər, bol sevinc qismət elə!

Tək-tənha pəncərə önündə oturub navalçalardan tökülən suyun şırıltısına qulaq asa-asa, Allaha dua etməkdən başqa daha əlimdən nə gələr ki…

Ömrünüz və payızınız bərəkətli olsun!

Səməd MƏLİKZADƏ

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK