Elə insanlar var ki, duyğularını sözlərlə deyil, rənglərlə ifadə etməyə üstünlük verirlər. Onlar, sadəcə, rəsm çəkmir, daxili dünyalarını kətana köçürürlər. Cəlal Ağayev də məhz belə rəssamlardandır. Səmimiyyəti, sadəliyi və rənglərin dili ilə insan qəlbinə toxunmağı bacaran rəssamın kətan üzərinə köçürdüyü cizgilər, seçdiyi rəng çalarları yalnız vizual təsvir deyil, eyni zamanda, canlı bir hekayəni nəql edir.
1983-cü ildə Bakı şəhərində anadan olan rəssam bu sənətə uşaq yaşlarından maraq göstərib. Gənclik illərindən fərqli baxış bucağı və rənglərlə işləmək məharəti müəllimlərinin diqqətini çəkib. Sənətin sirlərinə dərindən yiyələnmək üçün ilk peşəkar addımlarını Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində atıb. Buradakı təhsilini uğurla başa vurduqdan sonra Rəssamlıq Akademiyasında təhsil alaraq bilik və bacarıqlarını daha da təkmilləşdirib. 2009-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğuldur.
Rəssamın yaradıcılıq diapazonu olduqca genişdir. O, həm klassik rəngkarlığın, həm də müasir üslubların sintezinə əsaslanır. Tablolarında realizm elementləri ilə impressionizmin işıq-kölgə keçidləri və modernizmin fəlsəfi düşüncəsi vəhdət təşkil edir. Müəllif kətan üzərində həm yağlı boyanın verdiyi dolğun teksturadan, həm də şəffaflıq və böyük ustalıq tələb edən akvarel (sulu boya) texnikasından məharətlə istifadə edir.
Cəlal Ağayev Azərbaycan mədəniyyətini və rəngkarlıq məktəbini xaricdə layiqincə təmsil edərək böyük uğurlara imza atıb. Rəssamın əsərləri Türkiyə, Ukrayna, Rusiya, Qazaxıstan və Bolqarıstan kimi bir çox ölkələrdə keçirilən beynəlxalq sərgilərdə, bədii festivallarda nümayiş etdirilib. Onun fırçasından çıxan tablolar bir çox xarici kolleksionerlərin şəxsi qalereyalarında yer alıb.
Rəssamın sənət dünyasını bənzərsiz edən əsas cəhət onun milli kökə dərin bağlılığıdır. O, Azərbaycanın çoxəsrlik tarixini, mədəni irsini və qədim ənənələrini çağdaş rəngkarlıq prinsipləri ilə elə bir harmoniyada kətana köçürür ki, heyran qalmamaq olmur. Onun fırçasından çıxan portretlər və kompozisiyalar sanki canlıdır, keçmişlə bu gün arasında körpü yaradır. Nizami Gəncəvinin “Yeddi gözəl” əsərindən ilhamlanaraq yaratdığı silsilə tablolar yaradıcılığında xüsusi yer tutur.
Müəllifin yaradıcılığı fərqli janr və mövzuları əhatə edən əsərlərlə zəngindir. “Şuşa. Cıdır düzü”, “Abşeron bağları” və “İçərişəhər” kimi doğma yurdun mənzərələrini əks etdirən tabloları ilə yanaşı, “Zamanın ipi”, “Xınayaxdı”, “Nuhun gəmisi” və “Mənim xəyali şəhərim” kimi özünəməxsus sənət nümunələri də böyük maraq doğurur. Fərqli strukturu və orijinal kompozisiya quruluşu ilə seçilən bu əsərlər rəssamın həm tarixi, həm də fəlsəfi mövzulara eyni ustalıqla yanaşdığını nümayiş etdirir.
Müəllifin sənət dünyasına səyahət etmək, tabloların yaranma hekayəsini öz dilindən eşitmək üçün onunla həmsöhbət olduq:
– Cəlal müəllim, yaradıcılığınızda həm realizm, həm impressionizm, həm də modernizm üslubu hiss olunur. Bu müxtəlif çalarları eyni əsərdə necə bir araya gətirə bilmisiniz?
– Yaradıcılığımda realizmin, sürrealizmin və eyni zamanda, impressionizmin elementləri var. Amma mənim üçün əsas qayə bu fərqli cərəyanları elə bir süzgəcdən keçirməkdir ki, nəticədə azərbaycanlı olduğumuzu, milli mədəniyyətimizin ruhunu qoruyub saxlaya bilək. Mən bu klassik əsasları tamamilə yeni, müasir bir üsluba köçürməyin tərəfdarıyam. Çünki müasirlik, sadəcə, rəssamın özünün anladığı, kütləyə isə tamamilə qaranlıq qalan bir xaotiklik demək deyil. Sənətdə fundamental mövzular dəyişməz olaraq qalır, dəyişən isə rəssamın ona baxış nöqtəsidir. Mən də öz işlərimdə milliliyimizi qorumaq şərtilə, mövzuya tamamilə müasir dövrün prizmasından yanaşmağa üstünlük verirəm.
– Əsərləriniz bir çox ölkələrdə nümayiş olunub. Nizami Gəncəvinin “Yeddi gözəl”ini, Abşeronu, İçərişəhərin ruhunu və milli motivlərimizi xarici sənətsevərlərə rənglərlə tanıtmaq, onlardan gələn reaksiyaları hiss etmək rəssam üçün necə bir duyğudur?
– Əlbəttə, vətənimin, torpağımın hər bir guşəsini, adət-ənənələrini tam fərqli mentalitetə və fərqli mədəniyyətə malik insanlara tanıtmaq mənim üçün olduqca vacib missiyadır. Xarici səfərlərdə olanda, misal üçün, TÜRKSOY-un təşkil etdiyi beynəlxalq sərgilərdə hər zaman milli mədəniyyətimizi ön plana çıxarmağa çalışıram. Tablolarımda Qarabağ mövzusuna, Abşeron motivlərinə və milli xüsusiyyətlərə geniş yer verirəm. Bu ruhda olan işlərim Qırğızıstanda, Qazaxıstanda və qardaş Türkiyədə nümayiş etdirilib. Bir rəssam kimi hədəfim kökümüzü, milli adət-ənənələrimizi qoruyub saxlamaq, eyni zamanda, xarici sənətsevərlərə bu dəyərləri müasir yanaşma ilə təqdim etməkdir.
– Fəlsəfi yanaşmanız təkcə rənglərdə deyil, tabloların adlarında da özünü göstərir: “Zamanın ipi”, “Nuhun gəmisi”, “Çərxi fələk” kimi çox maraqlı və düşündürücü adlar görürük. Bu adları necə seçirsiniz?
– Mən hər hansı bir mövzunu beynimdə bəzən bir gün, bəzən bir il, bəzən isə üç-beş il ərzində düşünüb tam formalaşdırıram. Qərar verdikdən sonra onun ilkin eskizlərini hazırlayıram. Əsər kətan üzərinə köçəndə isə fərqli və daha maraqlı axtarışlar başlayır, eskizdə olmayan yeni çalarlar işə əlavə edilir. Mövzu əvvəlcədən beynimdə tam bəlli olur, lakin tabloların adlarını, adətən iş prosesində və ya tam bitdikdən sonra müəyyənləşdirirəm. Çox nadir hallarda adı öncədən düşünüb mövzuya başlayıram.
– Əzim Əzimzadə adına Rəssamlıq Məktəbindən bu günə qədər uzun, zəngin bir təcrübə yolu keçmisiniz. İndi ötən illərə nəzər salanda gənc Cəlala hansı məsləhəti verərdiniz, nəyi fərqli edərdiniz?
– Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuduğum dövrlər fərqli zaman kəsiyi idi. Gəncliyin verdiyi emosiya ilə bəzən diqqətim dərslərdən yayınırdı. Amma sonradan, xüsusilə Rəssamlıq Akademiyasına daxil olanda dərk etdim ki, sənətdə təməl çox önəmlidir. İndi geriyə baxanda gənc Cəlala və sənətin astanasında olan hər bir gəncə ən böyük məsləhətim budur: təhsil aldığınız 4 il ərzində müəllimlərdən, sənətdən nə öyrənə bildinizsə, sizin gələcək kapitalınızdır. Çünki o illərdə qazandığınız bilik və vərdişləri sonradan sizə heç kəs hazır şəkildə verməyəcək. Zamanı boşa vermədən, durmadan işləmək və təməli möhkəm qurmaq lazımdır.
– Uzun illərdir gənclərə sənətin sirlərini öyrədirsiniz. Onlara sənət yollarında nə arzu edərdiniz?
– Tələbələrimə hər zaman aşıladığım ən vacib prinsip budur: bir işi ürəkdən istəməli və onun üzərində yorulmadan çalışmalıdırlar. İstək insanın daxilindən gəldikdə mütləq uğura nail olmaq mümkündür. Əgər bu sənətə, sadəcə, sıradan bir dərs, bir öhdəlik kimi baxacaqlarsa, ondan heç bir bəhrə gəlməyəcək. Rəssamlığı gələcək həyatlarının bir parçası, varlıq səbəbi kimi qəbul etməlidirlər. Gənc həmkarlarıma arzum budur ki, bu yolda hər zaman fədakar olsunlar. Çünki sənət elə bir sahədir ki, burada yarımçıqlıq olmur – sən ya bu sənətdə var olub ən yaxşısına çalışmalısan, ya da ümumiyyətlə, bu yola çıxmamalısan. Sonradan gəzməyə, əylənməyə hər zaman vaxt tapılacaq, amma sənətkar kimi yetişmək üçün zamanı mütləq işə fəda etmək lazımdır.
– Səmimi söhbət üçün təşəkkür edirik.
Elenora HƏSƏNOVA
XQ
