Əfzələddin Xaqani – 900
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunub ki, Xaqani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən yüksək əyarlı nəhəng simalardandır. Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına şairin böyük təsiri danılmazdır.
Əslində, Xaqani 12-ci əsrin qaranlıqlarına işıq salan bir Günəş idi. Bu ensiklopedik təxəyyüllü şair tibb, riyaziyyat, teologiya, fəlsəfə və musiqi ilə yanaşı, farsdilli poetikanın incəliklərini dərindən mənimsəmişdi. Varlığı dəvət olunduğu saray divarlarına sığmayan şairin ilahi eşq, ictimai ədalət mövzuları onun qəzəl, qəsidə və məsnəvilərinin əsas “bel sütunu”nu təşkil edib.
Şanlı yubiley münasibətilə Milli Kitabxanada hazırlanmış “Xaqani Şirvani: 900 illik ədəbi irs” adlı daycest onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elə bu elektron təqdimatla tanışlıq ziyarətçiləri bir daha Xaqani dünyasına “səyahət”ə aparır.
Əsl adı Afzaləddin İbrahim olan şair 1126-cı ildə Şamaxıda dünyaya göz açıb. Atası dülgər Əli Nəccar oğuz türkü, anası Rabiə İslamı qəbul etmiş gürcü qızı olub. Əmisi – Şamaxı məscidinin axundu, təbib və alim Kafiəddin Ömər ona ərəb dilini və hədis elmini öyrədib, amma ailənin bir növ tolerantlıq mühiti şairin bədii təxəyyülünə erkən çağlarından təsir göstərib, ona dini-irqi fərqlərin fövqündə duran insanlıq fəlsəfəsinin bütövlüyünü əxz etdirib.
Xaqani Şirvaninin yaradıcılığı 9 əsrdir ki, dünya ədəbiyyatına parlaq şəfəq saçır. O, həmişə xalqın, həqiqətin, gözəlliyin tərəfdarı olub, hər cür şəri, fitnəni qətiyyətlə rədd edib.
Şairin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanında qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. toplanıb. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Qəsideyi Şiniyyə” və “Mədain xərabələri”, “Həbsiyyə” şeirləri və məsnəvi janrında yazdığı “Töhfətül-İraqeyn” (“İki İraqın töhfəsi”) poeması daxildir.
Xaqani, təxminən, 18 yaşında Şirvanşahlar sarayına dəvət olunarkən əvvəlcə sevinir, şadlanır, mədhiyyələr yazır. Oradakı kitabxanadan xeyli bəhrələnir və mənəvi aləmində baş verən oyanış səbəbi ilə rifahı bəs qədər olsa da, havası çatışmayan saraydan can qurtarmaq üçün yollar arayır. Xorasana, İraqa getmək istəyir. İki dəfə Ərəb və Əcəm İraqını səyahət etmək üçün Kəbə ziyarətinə gedir.
Saraylara baş əyməyən şair 2 dəfə məhbəsə düşüb – Həmədanda və Şabran qalasında. Can qəfəsində ikən məşhur “Həbsiyyə şeirləri” silsiləsini yaradıb. Onun yaradıcılığında iztirab ağrılarının obrazlı ifadəsi heyranlıq doğurur:
Oxşayar kündə ayağımda
dəyirman daşına,
Qanlı göz yaşımla işlər bu
dəyirmanım mənim…
Yaxud, görün, şair dərdini necə orijinal tərzdə izhar edib:
Bir odlu nalə edərsəm dəmir
kimi candan,
Civə kimi əriyər hər dəmir
bu əfqandan.
Adı fəzilətli, seçkin, üstün kimi mənalandırılan haqq-ədalət carçısı Əfzələddin Xaqani ömrü boyu ismi-şərifini qoruya bilib. Dərdə, qəmə can verməyib.
Kəbə səfərindən sonra Dərbənd və Gəncəyə gedən şair özünə çoxlu dostlar qazanıb. Onlardan biri də gənc Nizami Gəncəvi olub. Həm də ürək ağrısı ilə Xaqaninin ölümünə mərsiyə yazan Nizami…
Rejissor Eldar Quliyevin “Nizami” filmində Xaqani Şirvaninin Nizami Gəncəvi ilə görüşməsi Azərbaycan ədəbiyyatı tarixinin ən təsirli səhnələrindən biridir. Ssenari müəllifi yazıçı İsa Hüseynov (Muğanna) olan bu tammetrajlı ekran əsərində yaşlı və şöhrətli Xaqani ilə gənc Nizami arasındakı dialoq xalqa, sənətə və poeziyaya olan dərin məhəbbətin təcəssümüdür. Həmin səhnədə iki mütəfəkkirin bir araya gəlməsi Şərq intibahının əzəmətini simvolizə edir.
Digər bir rejissor – Xamiz Muradov isə klassikin haqqında qısametrajli sənədli filmi çəkib. Teymur Əhmədovun ssenari müəllifi olduğu həmin kinolentdə şairin saray mühitindən uzaqlaşıb uzaq səfərlərə çıxması, Yaxın Şərq ölkələrini dolaşıb sonradan Təbrizə dönməsi, filosof-şair kimi yüksək yaradıcılıq zirvələrinə ucalması poetik notlarla əks etdirilib. Kamançanın və udun müşayiəti ilə qədim şəhərin xarabalıqları görünür və şairin məşhur “Mədain xərabələri” əsərindən parçalar səsləndirilir…
Xaqaninin sufiyyə lirikası, sevgi motivli şeirləri onun şöhrətini daha da artırıb. Şair ərəb və fars leksikasının zənginliyi ilə türkcənin sintaktik çevikliyi arasında poetik tarazlıq yaradıb. Bədiiyyat alətləri içində cinas, təşbeh, mərəiyyə və alliterasiya xüsusi yer tutur.
Məhəbbət bir bəladır ki,
yoxdur onun dərmanı,
Aşiq canı tərk etsə də,
ata bilməz cananı.
Onu da qeyd edək ki, Əmir Xosrov Dəhləvi, Əbdurrəhman Cami, Məhəmməd Fizuli kimi sənətkarlar bu dahi şairin “Şiniyyə”sinə cavab yazıb, Seyid Əzim Şirvani özünü onun naibi sayıb, Mirzə Ələkbər Sabir bəzi mənaları ondan iqtibas edib. Xaqani Şirvani irsinin öyrənilməsi ilə alimlər canı-könüldən məşğul olublar. Onların bəzi fikirlərini təqdim edirik.
Akademik Həmid Araslı: “Xaqani yaradıcılığında azadlıq meyli daha çox qüvvətlidir. Xaqaninin gözəl əsərləri, məğrurluğu, dərin bilikli və hazırcavab bir adam olması Azərbaycan xalqının yaddaşında əsrlər boyu yaşamışdır.
Şair Balaş Azəroğlu: “Azərbaycan şairləri daha çox Xaqaninin şeir sənətinə yeni üslub gətirməsi ilə fəxr edirdilər. Xaqani bütün əsərlərini yüksək sənətkarlıqla yazmışdır”.
Ədəbiyyatşünas Bəkir Nəbiyev: “Xaqaninin vətənpərvərlik mövzusunda yazılmış əsərləri arasında “Savalan dağının tərifi” öz qiymətli fikri-bədii keyfiyyətləri etibarı ilə xüsusi yer tutur. Xaqaninin əsərlərində Azərbaycan ruhu, türk ahəngi həmişə bariz şəkildə özünü göstərmişdir”.
Yeri gəlmişkən, Azərbaycan ədəbiyyatı özünün “Xaqanişünaslıq” bölməsi ilə bədii söz elminin kökünün nə qədər dərinliklərə işlədiyini göstərir. Bir müddət öncə AMEA-nın Ədəbiyyat İnstitutu “Sənətkarın elmi pasportu” seriyasından “Xaqani Şirvani: həyatı və yaradıcılığı” adlı kollektiv monoqrafiyanı çap etdirib. Onu da xatırladaq ki, bir vaxtlar şair Məmməd Rahim “Xaqani” adlı mənzum dram, yazıçı Sona Abbasəliqızı “Sözün xaqanı” adlı roman yazıblar.
Elnarə Akimova, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, Milli Məclisin deputatı:
– Şərq intibahı dövrünün böyük mütəfəkkirlərinin hər biri, o cümlədən, XII əsr dahisi Xaqani Şirvani yalnız milli ədəbiyyatın deyil, bütövlükdə dünya humanist fikir tarixinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətdir. O, insanın mənəvi kamilliyini, ədaləti, elmi və sevgini cəmiyyətin inkişafının əsas şərti kimi təqdim etmişdir. Bu gün artıq əhəmiyyətlidir ki, Xaqani Şirvani irsinə ilk növbədə, bizim bir xalq, dövlət kimi varlığımızın siması statusunda yanaşılır.
…Xaqani Şirvani irsi İslam Şərqi mədəniyyəti içindədir, o dövrdə ədəbiyyat büsbütün ümum-islam Şərqi mədəniyyəti içində qərarlaşmışdı. Belə bir əhvalın yetirməsi olan Xaqani Şirvaninin çağdaş qlobalizə proseslərindəki xidməti hansı özəl məqamları ilə spesifikdir. Bir çox orta əsr sənətkarları kimi, Xaqani Şirvaninin əsərlərində kosmosentrik başlangıc daim güclü olmuş, dünyanı küll halında görmək arzusu, qlobal vəhdət, humanizm prinsipi qabarıqlığı ilə seçilmişdir. Xaqani yaradıcılığı da türk xalqlarının ədəbi və mədəni tarixində dönüş nöqtəsidir. Xaqani sənəti elə səviyyədədir ki, onları bütün dövrlərin mövcudluq problemlərinin dəyişməz mənəvi və sosial dəyərlər sınağında dərk etmək mümkündür.
M.Baxtinin bu fikri çox dəqiqdir: “Özgə mədəniyyət yalnız başqa mədəniyyətin gözü ilə özünü dərindən göstərir”. Xaqani Şirvanini də tanış sistemlərlə bərabər, qeyri-tanış sistemlərlə görüşdürmək, onun irsini modern sənət kontekstində araşdırmaq şairin nəhəngliyini meydana qoymaq baxımından əlverişli olardı. Çünki modernizmdə bütün kəskinliyi ilə qoyulan fərdilik amili, individuallıq, şəxsiyyət problemi Xaqaninin əsərlərində dərinliyi ilə izahını tapır. Azad şəxsiyyət, müstəqil mövcudluq hüququ, əməl və iradədə sərbəstlik onun bütün əsərlərinin ana xəttini təşkil edir. Burada nə irqi-sosial mənsubiyyət anlayışı var, nə də fərqli coğrafi məkanlara görə qruplaşma meyilləri. Hüquq eyni olduğu kimi, bədii-fəlsəfi süjet xəttinin təmərküzləşdiyi estetik ərazi də vahiddir.
Eyni zamanda, bu mütəfəkkirin yaradıcılığında dövlət idarəçiliyi və sosial ədalət məsələləri mühüm yer tutur. O, poemasında hökmdarın məsuliyyətini və xalq qarşısında cavabdehliyini göstərir və yazdıqlarını ilk növbədə, əməli şəkildə özü reallaşdırır. Tarixi mənbələrə istinad etsək, Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmamışdır.
Xaqaninin ən məşhur əsərlərindən olan “Həbsiyyə” insanın daxili azadlığı ideyasını əks etdirən qüdrətli poetik nümunədir. Şair burada fiziki məhbusluqla mənəvi azadlığı qarşılaşdırır. O, zindanda olsa belə, düşüncəsinin və ruhunun azad olduğunu vurğulayır. “Töhfətül-İraqeyn” əsəri səfər təəssüratları üzərində qurulsa da, burada geniş fəlsəfi və humanist düşüncələr əks olunmuşdur.
Bəşəriyyət hər zaman xilas yolu, harmoniya axtarışındadır. Bu axtarış proseslərinə, Xaqani Şirvani özünün ahəngə, sahmana addımı ifadə edən, buna çatmağı yalnız qlobal sosial strukturda deyil, həm də fərdi-mənəvi “mən”də arayan sənəti ilə bir etalondur.
AYB sədrinin müşaviri Sayman Aruz:
– 2026-cı ilin bir özəlliyi də Xaqaninin 900 illiyinə təsadüf etməsidir. Biz bu təsadüfü, əslində, milli mədəniyyət hadisəsi kimi qiymətləndiririk və çox xoşdur ki, dövlətimiz artıq milli-mədəni irsimizi cəmiyyətə sadəcə strateji akt kimi təqdim elədi. Möhtərəm Prezidentimiz bu barədə sərəncam imzaladı və bu il bütövlükdə Xaqaniyə həsr edilir.
Şərqin, hətta Qərbin ən çox tanıdığı və istinad etdiyi Şəms Təbrizi adlı böyük arifimiz olub. O, “Xətti füzun” və ya Üçüncü xətt” kitabında yazır ki, Xaqani Azərbaycan sufi-qələndərlik məktəbinin əsasını qoymuş dövlət xadimidir. Hətta onu farsca yazmış türk şairi Sənaye Qəzəvi ilə müqayisə edir. Deyir ki, Xaqaninin 4 beyti Sənayenin bütün yaradıcılığındakı irfan və təsəvvüfə bərabərdir. Xaqani özü irfan və təsəvvüf dünyasında yeni bir cığır açıb.
Xaqanini təbliğ etmək olduqca əhəmiyyətli bir məsələdir. Onun yaşadığı və səfər etdiyi bütün ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Həm İraqa, həm Cənubi Azərbaycana səfəri Şamaxıda doğulan şair üçün doğmadır. Təbrizdə vəfat edib, məzarı da “Məqbərətüş-şüəra” Sahib Təbrizli ilə, Şəhriyarla birlikdədir.
Biz tarixi varislik ənənəsi üzərində inkişaf edən bir xalqıq, dövlətik. Ona görə də Xaqaninin təbliği təkcə bir ədəbiyyatın, bir şairin təbliği deyil. Eyni zamanda, milli dövlət strategiyamızın ədəbiyyatda ifadəsidir.
Bəli, xüsusi vurğulamaq lazımdır ki, hazırda 900 illik yubileyinin qeyd olunması Xaqani kimi ustad bir şairə olan sonsuz məhəbbət və ehtiramın parlaq təzahürüdür.
Əli NƏCƏFXANLI