Abid TAHİRLİ
Azərbaycan mühacirləri 1923-cü ildə İstanbulda “Yeni Qafqasya” dərgisi ilə ana dilində, ərəb əlifbasında Türkiyə türklərinin də anlaya biləcəkləri bir üslubda nəşri fəaliyyətə başladılar. Dərgi sovet hökumətinin israrlı, təkidli tələbi ilə 1927-ci ildə çapını dayandırdıqdan sonra onun işini sələfinin proqramı əsasında davam etdirən “Azəri türk” (İstanbul, 1928-1930, ) məcmuəsinin ilk 20 nömrəsi ərəb, sonrakı 10 nömrəsi latın əlifbası ilə, eyni qaydada buraxılırdı. Sonradan fəaliyyət göstərən qəzet və jurnallar – “Yaşıl yarpaq” (İstanbul, 1928), “Odlu yurd” (İstanbul, 1929-1931), “Bildiriş” (İstanbul, 1930-1931), “İstiqlal” (Berlin, 1932-1934), “Qurtuluş” (Berlin, 1934-1938,), “Azərbaycan” (1952, son vaxtlara kimi nəşrini davam etdirir, Ankara), “Azərbaycan” (Münhen, 1952-1954), “Mücahid” (Ankara, 1955-1962), eləcə də “Azərbaycan türkləri”, “Xəzər” (Istanbul, 1990) və digər mətbu orqanlar, kitab və broşürlər latın əlifbası ilə dillə bağlı artıq formalaşmış ənənəni davam etdirmişlər. Odur ki, mühacirət irsində az qala ortaq türkcə adlandıra biləcəyimiz bir dil, üslub yaranıb. Mühacirət nəşrlərində tez-tez təsadüf edilən sözlərdən biri də bizdəki “harada” sözünün qarşılığı olan və eyni semantik məzmun daşıyan “nerdə” kəlməsidir. Bu söz Azərbaycan istiqlal poeziyasının parlaq, bənzərsiz siması, şeirimizin ideyasına, məzmununa milli “libas geyindirən”, onu milli duyğu və hisslərlə süstləyən Almaz İldırım (24 mart, 1907, Bakı – 14 yanvar, 1952, Malatya) yaradıcılığında xüsusi yer tutur, hətta belə demək caizsə, bu söz onun irsinin dəyərini, sanbalını, çəkisini birə on artırır.
Şair:
Kimsə bilməz Tanrıdağın yasını,
Duman almış Altayların başını
Uçurmuşdur başdan dövlət quşunu,
Sətvətinə üz çevirmiş zaman hey!
Qoca Türkün düşdüyü dərd yaman hey!
– misraları ilə başlayan, “Qara dastan” şeirində “dörd bir yana dağılan”, “ocağı sönən”, “köçüb gedən”, “bir-birinə yadlanan” Türk boylarına, “dərdli-dərdli axan çaylarına”, “toy-düyünü pozulmuş yaylalarına” ağı deyir.
Almas İldırım kədərə bürünmüş Türk dünyasının coğrafi xəritəsini matəmli misralarla cızır, ozansız, yazarsız, şamansız qalan gözü yaşlı, qüssəli Buxaranın, Başkəndin, Səmərqəndin, Daşkəndin, sürülən Kazanın, Krımın faciəsini, ürək parçalayan mənzərəsini göz önündə canlandırır. Məzmununa, təsir gücünə, bədii təsvir və ifadə vasitələrinin zənginliyinə, estetik sanbalına, ictimai-siyasi əhəmiyyətinə görə poema təəssüratı yaradan 50 misralıq bu şeir uzun müddət oxucunu düşündürür, təsirləndirir, yaddaşından çıxmır. Şeirin finalındakı “nerdə” sözü ətrafa qəzəb saçır, od, atəş püskürür, Almas İldırım bu kəlmə ilə amansız tarixə və kor taleyə üsyan edir:
Azərbaycan dərd içində boğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nerdə qopuz, nerdə qırıq kaman hey?
Nerdə böyük Vətən, nerdə Turan hey?
(“Qara dastan”)
Almas İldırım poeziyasında Azərbaycan pərən-pərən düşən Türk dünyasının bir parçasıdır, onun qədəri də, kədəri də şairi düşündürür, narahat edir:
Oh, mən də saatlarca durdum o gözəl yerdə,
Daldım şən təbiətin o dilrüba rənginə.
Düşündüm elim nerdə, Krım nerdə, mən nerdə,
Xəyalım uçdu həmən uzaqlara, ənginə…
(“Krımda axşamlar”)
Şairin şeirlərində türkçülüyə, turançılığa məhəbbət Azərbaycan sevgisi ilə üst-üstə düşür, bir-birinə sıx bağlıdır, vəhdət təşkil edir. O, öz Vətəninin təəssübünü, həsrət və xiffətini necə çəkirsə, eyni dərəcədə də Krım tatarlarının, çeçenlərin həsrətinə, dərdinə şərikdir. Şair misralarında “nerdə” deyib ah çəkərək soydaşlarını soraqlayır, onların fiziki və mənəvi əzablarını ifadə edir. Buradakı “nerdə”, həm də vətəndən qovulanların sürgünə etirazı kimi mənalandıra bilir:
Dün orda sakin, yaşıl bir Krım vardı nerdə?
Nerdə qoca Qafqasın bağrında Çeçen yurdu?
(“Bir gün gələcək”)
Bu şeirində Almas İldırım tarixə nəzər salır, Pyotrun dövründən sovet işğalı daxil, bütün zamanlarda türk xalqlarının üzləşdiyi fəlakətləri göz yaşları ilə təsvir edir, şair kədərlidir, dərdlidir, incikdir:
Söylə, hansı tarixdə, hansı dövrdə, nerdə,
Görülmüş milyonları aşan sürgün sürüsü?
(“Bir gün gələcək”).
“Gözü qanlı”, “iti caynaqlı”, “qanlı pəncəli”, “qan içən kralların hakim olduğu” Qərbə müraciətlə qələmə aldığı eyni adlı şeirdə “nerdə” kəlməsi ittihamçıdır:
O krallar, o kinli cəlladlar
Hökm edən farsda, Çində, hər yerdə.
Qopuyor ölkələrdə fəryadlar,
Nerdə vicdan, ədalətin nerdə?
(“Qərbə”)
“Mənim incim” şeirində üsyankar, asi “nerdə”dən əsər-əlamət yoxdur. Burada “nerdə” sazaqdan, şaxtadan üşüyən və dərələrə, kol dibinə çəkilən boynubükük bənövşənin halını xatırladır:
Nerdə mənim gəncliyim,
nerdə mənim sevincim?
Duymadım, uçdu getdi
o məndən çox uzağa,
Taleh quşum başından
enib düşdü tuzağa.
O zamandan ki, mənim
öz incimi çaldılar,
Sanasan ki, eşqimi,
sevincimi çaldılar…
Sözün ecazkar gücünə inanan və ona sığınan Almas İldırım poeziyasında “nerdə” sözü bəzən sunamidən sonra sahilə sığmayan, kükrəyən, şahə qalxan dalğaya bənzəyir:
Nerdə məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam” çağıran,
Azərbaycan, mənim baxtsız anam oy!..
(“Əsir Azərbaycanım”).
Almas İldırımın “nerdə”si təlaş dolu sualdır, həqiqətin tərcümanı, nidasıdır, hiss və həyəcanların carçısıdır:
Kim məni saldı bilməm dayanılmaz bu dərdə,
Nerdə mənim öz yuvam, öz elim, günüm nerdə?
(“Yaralı olmasaydı”)
Qürbət acısı, vətən həsrəti ilə çırpınan şair itirilmiş yurdun xiffətini çəkir, “nerdə” ilə onun axtarışına çıxır:
Uzaqda qaralır Qızlar qalası
Söylər ki, başımın çoxdur bəlası,
Nerdə öz oğulu, igid balası,
Acısın düşdüyü oda, əlvida…
(“Əlvida, Bakı”)
Almas İldırımın yaradıcılığında dövranın gərdişindən, amansızlığından, yolsuzluqdan, haqsızlıqdan, bəxtsizlikdən şikayət notları çox güclü və təsirlidir. “Şikayət” şeirində o, hakimdən xahiş edir ki, onun “puç olmuş”, “yüz yerdən paralanmış qəlbini” dinləsin, “Qafdan ayrı düşən şahinin” dərdli, halını yazsın:
Yaz, dostları sağır, dövranı sərxoş,
Yaz, könlündə çarpan əməlləri boş,
Sorma nerdən gəlmiş, nerdə vurulmuş,
Dağdan-dağa çarpmış, yaralanmış, yaz.
(“Şikayət”)
Biz bu yazıda Almas İldırım yaradıcılığında “nerdə” sözünün semantikasından, məna çalarlarından bəhs etdik. Bunu da qeyd etmək yerinə düşər ki, şairin həyatı və irsinin daha dərindən və əhatəli araşdırılması istiqamətində son vaxtlar həm Azərbaycanda, həm də Türkiyədə ciddi elmi tədqiqat materialları ərsəyə gəlməkdədir. Türkiyədə buraxılan “Çinaraltı”, “Göyboru”, “Qopuz”, “Boz qurd”, “Orkun”, “Özləyiş”, “Topraq”, “Turan”, “Altan”, “Demokrat Malatya”… kimi, türkçülük fikrini yayan məcmuələrdə “Elmas Yıldırım”, “E.Y.”, “E-zade”, “Elmasz?de İ.”, “İki Nokta”, “Şengel” və sair imzalardan istifadə edən Almas İldırım yaradıcılığının tədqiqi tarixindən danışarkən vurğulanmalıdır ki, bu sahədə ilk addımlar mühacir soydaşlarımız tərəfindən atılıb. Məhəmməd Əmin Rəsulzadə, Mustafa Vəkiloğlu, Əhməd Qaraca, Əbdülvahab Yurdsevər, Feyzi Aküzüm, Məhəmməd Altunbay şairin irsi ilə bağlı dəyərli məqalələr yazıblar. Türkiyədə, həmçinin Alptəkin, Lətif Elsevər, Səlahəddin Kılıç, Ramiz Arda, Zeynal Abidin Makas, Əli Yavuz Akpinar, Aygün Attar və Sabahattin Şimşir, Ənvər Aras, Günay Göksu Özdoğan, Mahmut Goloğlu, Məhərrəm Aras, Salih Okumuş, Ümid Akın, Tuğba Bora və Betül Görkem, Aida Babutcu, Mahmut Goloğlu, Mehmet Çağlar və başqaları şairin həyat və yaradıcılığından bəhs ediblər. Ölkəmizdə Almas İldırım haqqında ilk, hələlik sonuncu elmi-nəzəri əsəri – “Didərgin şair (Almas İldırımın yaradıcılıq yolu)” adlı monoqrafiyanı akademik Bəkir Nəbiyev qələmə almışdı. Akademik Nizami Cəfərov “Almaz İldırımın ölməz idealları” adlı məqaləsində haqlı olaraq yazır ki, Azərbaycan poeziyasının, ümumən ədəbiyyatının məlum tarixi dövründə Almaz İldırım kimi böyük bir şair olmasaydı, həmin dövrün nəinki ədəbi, eyni zamanda mənəvi-ideoloji mənzərəsi barədəki təsəvvürlərimiz bugünkü qədər dolğun, məzmun-mündərəcəli və obyektiv olmazdı.
Tanınmış alimlər – Rəfiq Zəka Xəndan, Cəfər Rəmzi, Kamil Vəli, Vaqif Sultanlı, Nazif Ələkbərli, Vaqif Yusifli, Nikpur Cabbarlı, Bədirxan Əhmədov, Asif Rüstəmli, Aygün Həsənoğlu, Yaşar Qasımbəyli, Vahid Ömərov və başqaları da Almas İldırım yaradıcılığına məqalələr həsr ediblər. Son vaxtlar gənc tədqiqatçı Hülya Cəbiyevanın Almas İldırımın həyatı və yaradıcılığı ilə bağlı araşdırmaları diqqəti çəkir. Müxtəlif illərdə şairin irsinə dair Süleyman Rüstəm, Hacı Hacıyev, Maarif Teymur, Şəfəq Əlixanlı, Ramilə Qurbanlı, Məlahət Rzayeva, Xatirə Qədirova, Tahir Abbaslı, İlahə Şıxəliyeva və digər müəlliflərin qələmə aldıqları yazılar maraq doğurur, Gənc tədqiqatçı Dilqəm Əhmədin tərtib etdiyi “Dəhşətli ölüm düşərgələri. Almas İldırım” və Ergün Məmmədovun (Ucatürk) hazırladığı “Qaf dağının türküsü Almas İldırım” adlı iki hissədən ibarət kitablar rəğbətlə qarşılanıb və Almas İldırım yaradıcılığına artan məhəbbətin göstəricisidir.
Göründüyü kimi, ideya nöqteyi-nəzərindən milli, istiqlalçı, vətənçi, aktuallıq sarıdan əhəmiyyətli, məzmun cəhətdən mükəmməl, sənətkarlıq baxımından bənzərsiz Almas İldırım poeziyasına dair xeyli əsər həsr olunub. Bununla yanaşı, hesab edirik ki, şairin “Seçilmiş əsərləri”nin nəşrinə, irsinin daha dərindən və əhatəli araşdırılmasına, elmi-nəzəri dəyərləndirilməsinə ciddi ehtiyac vardır.