![](https://vhp.az/wp-content/uploads/2021/06/SamirAsadli-300x225.jpg)
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin qədim tarixi var.
Siyasi şərhçi vurğulayıb ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər:
“Həmçinin bu iki xalqı dil və din eyniliyi də birləşdirir. Bu xalqlar Çar imperiyası və Sovet İttifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. İki ölkə arasındakı qardaşlıq münasibəti dəfələrlə sınaqdan çıxıb. 1990-cı il 20 yanvar faciəsi zamanı Azərbaycanın səsini dünyaya duyuranlardan biri də Qazax xalqının böyük oğlu Oljas Süleymanov idi. Sonrakı illərdə də Qazaxıstan beynəlxalq münasibətlər sistemində Azərbaycanla dost ölkə olduğunu dəfələrlə ortaya qoyub və bizim Qazaxıstana münasibətimiz də adekvatdır. Son təyyarə qəzasında qardaş ölkənin və vətəndaşlarının münasibəti də bu tarixi keçmişi, qardaşlığı möhkəmləndirən bir fakt olaraq təsdiqləndi”.