Hər dəfə böyük sənət məbədlərindən və yaradıcı şəxslərindən söz düşəndə Gəncə Dövlət Dram Teatrı ilə burada çalışmış rejissor, Əməkdar incəsənət xadimi Yusif Bağırov da xatırlanır. Bu günlərdə 100 yaşı tamam olan Yusif Bağırov Bakıda doğulsa da, həyat və yaradıcılığı əsasən Gəncə ilə bağlı olub.
İkinci Dünya müharibəsi başlananda Bakı Teatr Texnikumunun 18 yaşlı tələbəsi Yusif də cəbhəyə yollanıb. 1945-ci ildə ordu sıralarından qayıdaraq təhsilini davam etdirib. Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov, Ağasadıq Gəraybəyli, Kazım Ziya kimi sənətkarlardan dərs alıb. İki il sonra texnikumu fərqlənmə diplomu ilə bitirərək Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olub və 1952-ci ildə bitirib. Mir Cəlal Paşayevin “Dirilən adam” əsərini diplom işi kimi tamaşaya hazırlayaraq uğurlu debütünə imza atıb.
Ali təhsilini başa vurduqdan sonra isə ömrünü-gününü Gəncə Dövlət Dram Teatrına bağlayan Yusif Bağırov 1952–1956-cı illərdə orada quruluşçu rejssor, 1966–1995-ci illərdə isə baş rejissor kimi fəaliyyət göstərib. Aradakı 10 ildə isə “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Burada “Koroğlu”, “Kölgələr sürünür”, “Əhməd haradadır?”, “Mən rəqs edəçəyəm” bədii filmlərinin 2-ci rejissoru olub, 100-dən artıq filmi Azərbaycan dilinə dublyaj edib. 1959-cu ildə Xalq artisti Şəmsi Bədəlbəyli ilə birlikdə Fikrət Əmirovun “Gözün aydın” əsərini Azərbaycan Dövlət Musiqili Komediya Teatrının səhnəsində tamaşaya hazırlaması da onun yaradıcılıq karyerasının yaddaqalan səhifəsini təşkil edib. Sonra bir müddət İncəsənət İnstitutunda aktyor sənətindən dərs deyib.
Yusif Bağırov Gəncə Dövlət Dram Teatrında 33 illik fəaliyyəti dövründə bir-birindən maraqlı, orijinal səhnə traktofkası ilə realist rejissor məktəbinin ən layiqli nümunələrini yaradıb. Onun bu teatrın səhnəsində “Dağlarda”, “Fərhad və Şirin”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Mənim günahım”, “Çiçəkli dağ”, “Sənsiz”, “Bəxtsiz cavan”, “Almaz”, “Oqtay Eloğlu” və “1905-ci ildə”, “Ulduzlar görüşəndə”, “Quduz pullar”, “Otello”, “Anacan”, “Buhenvald harayı”, “Odlu illər”, “Küləklər”, “İki qardaş”, “Uzaq sahillərdə”, “Odu atma, Prometey!”, “İtkin gəlin”, “Cavan qadına yaraşan kişi”, “72-ci kamera”, “Vicdan məhkəməsi”, “Astana”, “Məhəbbət və xəyanət”, “Dəmir pərdə”, “Ölüm hökmü”, “Şərqin səhəri”, “Dairəni genişləndirin”, “İnqilabi etüd” və səhnə həyatı bəxş etdiyi başqa tamaşalar buna misal ola bilər. Azərbaycan Teatrında ilk dəfə məhz Gəncə Dövlət Dram Teatrında qədim yunan dramaturgiyasına müraciət edən rejissor da məhz Yusif Bağırov olub. “Medeya” və “Antiqona” faciələrini uğurla səhnələşdirib. Xalq artisti Mehdi Məmmədov həmin tamaşaları yüksək qiymətləndirib. Həqiqətən də, Yusif Bağırovun quruluşunda bu əsərlər Gəncə teatrının səhnəsinə bir möhtəşəmlik, monumentallıq gətirib.
Görkəmli rejissor fəaliyyəti dövründə Gəncə Dövlət Dram Teatrında gənc aktyor nəslinin yetişməsində, onların inkişafında əvəzsiz xidmətlər göstərib. Xalq artistləri Pərvanə Qurbanovanın, Alim Məmmədovun, Əməkdar artistlər Qurban Abbasovun, Faiq Qasımovun, Əli Allahverdiyevin, Əlican Əzizovun, Telman Əliyevin, aktrisalardan Elmira Əhmədovanın, Füzulət Rzayevanın bu teatrın səhnəsində parlamasında Yusif Bağırovun bir bədii rəhbər, baş rejissor kimi xidmətləri danılmazdır.
Yusif Bağırov 30 il əvvəl vəfat etsə də, yaddaşlarda, xatirələrdə yaşayır.
Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas-tənqidçi