Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Moskvanın “Mədinə” Nəşriyyat evinin buraxdığı “İslamın minarəsi” beynəlxalq jurnalının Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib.
Qonaqlar muzeyin ekspozisiyası və Nizami Gəncəvinin həyat və yaradııcılığını əks etdirən sərgi ilə tanış olublar. Muzeyin direktoru, akademik Rafael Hüseynov “Mədəniyyətləri birləşdirən Nizami körpüsü” adlı məruzəsində Azərbaycan dahisinin dünya şöhrətindən söhbət açıb.
Rusiya Federasiyası Müsəlmanları İdarəsinin və Rusiya Müftilər Şurasının sədri, baş Müfti Şeyx Ravil Qaynutdin, Rusiya Müsəlmanları İdarəsi sədrinin müavini Damir Muxetdinov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimov, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurasının sədri Bəxtiyar Həsənov, muzeyin şöbə müdirləri professor Şəfəq Əlibəyli, və fəlsəfə doktoru Nailə Əliyeva Nizami irsinin bəşəri önəmindən söz açıblar, xüsusi buraxılışda yer alan elmi mülahizələrə diqqət yetiriblər.
Sonda akademik Rafael Hüseynov Ravil Qaynutdinə, Damir Muxetdinova və xüsusi buraxılışın redaksiya heyətinin üzvü Səfa Kərimova “Təşəkkürnamə”lər təqdim edib. Ravil Qaynutdin isə Rafael Hüseynova II Yekaterinanın dövründə Rusiyada çap olunmuş Qurani-Kərimi və müəllifi olduğu kitabları təqdim edib.
Xatırladaq ki, xüsusi buraxılışda Nizami Gəncəvinin həyat və yaradıcılığı əhatəli işıqlandırılıb. Topluya ön sözü jurnalın baş redaktoru, ilahiyyat elmləri doktoru Damir Muxetdinov yazıb. Akademiklər Rafael Hüseynovun “Nizami poetik məktəbinin dünya əhəmiyyəti” və Teymur Kərimlinin “Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Nizami Gəncəvinin əlyazmaları”, filologiya elmləri doktoru İradə Musayevanın “Nizami Gəncəvi klassik Şərq ədəbiyyatında roman ustası kimi”, filologiya üzrə fəlsəfə doktoru İlahə Hacıyevanın “Nizami Gəncəvinin həyat yolu”, “İz” elmi-tədqiqat jurnalının baş redaktoru Dəmir Babazadə-Aranellinin “Sonsuz Nizami Gəncəvi” məqalələri buraxılışın aparıcı yazılarıdır.
Jurnal sayının tərtibat və illüstrasiyaları isə “Xalq rəssamı Səlhab Məmmədova məxsusdur.